Quba-Qonaqkənd avtomobil yolunun inşası başa çatmaq üzrədir. Artıq işlərin 95 faizi yekunlaşıb. Yolun sentyabr ayında tamamlanması planlaşdırılır.
7times.az xəbər verir ki, Quba-Qonaqkənd avtomobil yolu III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.
Layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb.
Yolboyu su ötürücü 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub, 5 min poqonmetr uzunluğunda yeni dəmir-beton küvetlər inşa edilib, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istinad divarları tikilib. Bundan başqa, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol boyunca əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri aparılıb.
Sözügedən yolun yenidən qurulması yolboyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq, rayonun turizm imkanlarını genişləndirəcək.
Follow @7timesaz