Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanı və Azərbaycanı danışıqları “konstruktiv ruhda” bərpa etməyə çağırıb.
7times.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının mətbuat xidməti məlumat yayıb.
“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı və Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüş zamanı Cənubi Qafqazın sabitliyi və çiçəklənməsinin Aİ üçün vacibliyini vurğuladı. 9 noyabr 2020-ci il tarixli atəşkəs bəyannaməsinin Azərbaycan və Ermənistan tərəfindən tam həyata keçirilməsinin regional təhlükəsizlik və sabitlik üçün vacib olduğunu xatırladı.
Aİ sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təcrübə təqdim etməyə və etimadın möhkəmlənməsinə dəstək verməyə hazırdır.
Avropa İttifaqı hər iki tərəfi də məhkumların geri qaytarılması mövzusunda təcili olaraq iş birliyinə və minalanmış sahələrə və digər vacib humanitar məsələlərə dair tam şəffaflığı təmin etməyə çağırır. Aİ təqribən 20 milyon avro dəyərində humanitar yardım edir və kömək etməyə davam edəcəkdir.
Bununla bərabər, bu, problemin sülh yolu ilə həllində yalnız ilk addımdır. Şarl Mişel hər iki tərəfi danışıqları konstruktiv ruhda davam etdirməyə çağırır”, – deyə açıqlamada bildirilir.
Sonda qeyd olunub ki, Avropa İttifaqı, Aİ-nin Şərq Tərəfdaşlığının ayrılmaz hissəsi olaraq Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyi, sabitliyi və çiçəklənməsində çox maraqlıdır.
Follow @7timesaz