Bir neçə gün öncə telefonumuza zəng gəldi, şəhid Anar Vəlizadənin anası Zenfira xanım idi. Dedi, oğlum, Anar şəhid olandan atası çox əzab çəkir, hər səhər məzarına gedir, axşam qayıdır. Düz bir il bir aydır ki, saçını, üzünü qırxdırmır. Deyir, oğlumun şəhid olduğu Şuşaya gedim, gəlim sonra…
Bu barədə redaksiya daxilində müzakirə etdikdən sonra, qərara gəldik ki, şəhid atasını Salyanın Cəngən kəndindən götürüb birbaşa Şuşaya yollanaq. Ertəsi gün artıq səhər saat 9-da Vəliyevlər ailəsinin yaşadığı Cəngəndə idik. Bizi qarşılayan Afət dayı dedi ki, bala, hələ də gözlərimə inana bilmirəm, bu günü düz bir il bir aydır gözləmişəm…
Şuşaya səfərimiz Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin baş çavuşu Anar Vəlizadənin məzarını ziyarət etməklə başladı. Oğlunun məzar daşını öpən atanın sözləri səfərin necə təsirli keçəcəyindən xəbər verirdi: “Anar, oğlum, gözlə, gəlirəm”.
Axşam saat 5-də Afət dayının arzusu reallaşmışdı, artıq Şuşadaydıq. Bu müqəddəs şəhərə çatan kimi, birbaşa Anarın şəhid olduğu yerə, Şuşa qalasının aşağı hissəsinə yollandıq.
Oğlunun şəhid olduğu yerə ayaq basan ata, burada göz yaşlarına hakim ola bilmir. Bəlkə də oğlundan bir nişanə qalar deyə, yerə, ora-bura baxır, heç nə tapmır. Cibindən dəsmalı çıxardıb dizini yerə qoyaraq, əliylə torpağı qazır, oğlunun qanının axdığı yerdən iki ovuc torpaq götürür…
Bu nə qədər dəhşətli və ağır mənzərə olsa da, şəhid atasının reallaşan arzusu idi. Şuşaya təsirli səfərimizdən hazırladığımız videoreportajı təqdim edirik.