Tehranda Azərbaycan səfirliyinə qarşı baş vermiş terror hadisəsi cəmiyyətin bir nömrəli müzakirə mövzusu olaraq qalır və hələ bir müddət də davam edəcəyi gözləniləndir. Ümumiyyətlə, Azərbaycan ətrafında İran, Rusiya, Fransa kim ölkələrin yaratdığı problemlər və bu problemlərə başqa ölkələrin də dəstəkverici mövqelər sərgiləməsi, ən azı İkinci Qarabağ müharibəsindən sonra zaman-zaman özünü biruzə verir. Əgər Rusiya, Fransa daha çox Ermənistandan bir alət kimi istifadə etməklə təzyiq göstərirsə, İran həm ermənilər vasitəsilə, həm də birbaşa özü Azərbaycan üçün ciddi problemlər yaradıb və molla rejiminin siyasətinin xarakterik xüsusiyyətlərini nəzərə alsaq, anti Azərbaycan mövqeyindən tezliklə geri çəkiləcəyi gözlənilmir. Bu ölkələr nədən bu siyasəti aparırlar və nə vaxtadək davam edəcək? Hədəfin böyük mənada Cənubi Qafqaz olduğu, regionun daha çox kimin təsiri altda olması məlum məsələdir. Qarabağ münaqişəsi isə bu ölkələrə hədəfə çatmaq üçün təsir vasitəsidir.
Azərbaycan Qarabağ savaşında qalib gəlsə də münaqişədə yekun nöqtə hələ qoyulmayıb. Bax, bu ölkələr də, başqaları da Azərbaycana qarşı siyasətlərində Xankəndi probleminin mövcudluğu səbəbindən, öz aləmlərində “zəif bəndimiz” hesab etdikləri bu problemlə bizi vurmaq istəyirlər. Qarabağ münaqişəsində son nöqtənin qoyulmaması, Xankəndi və ətrafına dövlət nəzarətimizin reallaşmaması, ermənilərin Azərbaycandan torpaq qoparmaq iddiasının davam etməsi, Rusiya sülhməramlı qüvvələrin Qarabağın bir hissəsinə nəzarət etməsi qarşı tərəflər üçün bizim “zəif bəndimiz” kimi dəyərləndirilir və bu “bənd” qaldıqca İran da, Rusya da, Fransa da müxtəlif yollarla Azərbaycana problem yaratmaqda davam edirlər və edəcəklər. Azərbaycan Qarabağın qalan hissəsinə də dövlət nəzarətini bərpa edən kimi qeyd etdiyimiz ölkələr də, hətta Ermənistan da münasibətlərində ciddi dəyişikliklər edəcəklər və ətrafımızda problem yaratmaqda maraqlı olmayacaqlar. Əlbəttə, qarı düşmən dost olmayacaq, amma nəinki yalnız Azərbaycan ətrafında, bütövlükdə Cənubi Qafqazda yeni və daha sakit geopolitik durum formalaşacaq.
Danışıqlar prosesi faktiki üç aydan çoxdur ki, dayanıb. Bu, ilk növbədə Rusiyanın, sonra da Ermənistanın marağına uyğun olan bir durumdur. Danışıqların tezliklə başlanması ehtimalı da çox aşağıdır. Başlanarsa belə.., 26 ay ərzində olduğu kimi nəticə verəcəyi inandırıcı deyil. Biz seyrçi olaraq qalacağıqmı? Bu vəziyyətdə nədən başlamalıyıq? Separatçı rejim liderləri arasında gərginlik, Ermənistan rəsmilərinin və separatçıların bu gərginliklə bağlı Moskvaya üz tutması, Moskvanın isə Ukrayna dərdi, Qərbin də diqqətinin daha çox Ukraynaya yönəlməsi və sairə birbaşa və dolayısı təsiredici proseslərin getdiyi bir vaxtda.., Azərbaycan “zəif bənd”dən başlamalıdır. Yəni, Ermənistanla nəticəsiz danışıqlara deyil, Xankəndi ilə bağlı tələbləri Rusiya qarşısında qoymalıdır. İlk olaraq Laçın yolu aksiyasının məntiqi sonluğu nədirsə, elə ondan başlamaq doğru olmazmı? Məntiqi sonluq isə sərhədimizə nəzarətin yaradılmasıdır. Zəngəzur dəhlizindən, Ermənistanla delimitasiya, demarkasiya işlərindən, sülh gətirməyəcək sülh müqaviləsindən yox, birbaşa sərhəddə Rusiya sülhməramlıları ilə nəzarət-buraxılış məntəqəsinin yaradılmasından başlamalıyıq. O zaman olmayan “120.000 erməninin etnik təmizləməyə, humanitar fəlakətə, genosidə məruz qalması” kimi yalanlara, şantajlara əsaslanan beynəlxalq qınaqla da üzləşməyəcək, ölkənin imicinə də xələl gəlməyəcək.
Vardanyan personasının müharibə bitəndən 22 ay sonra zühr etməsi, İranın müharibədən sonra açıq düşmənçiliyə keçməsi, Fransanın bütünlüklə anti Azərbaycan mövqe sərgiləməsinin səbəbi Qarabağ münaqişəsində son nöqtənin hələ də qoyulmamasıdır. Yəni, Azərbaycana təsir və təzyiq etmək üçün bu ölkələrin qarmağına ilişəcək bir səbəb varsa, o da Xankəndi daşının hələ də yerində qalması, tərpənməməsidir. Misal var:”daş yerində güclüdür, tərpədəndə dərəyə yuvarlanar”. Bu daşı tərpətmək üçün başladığımız “yumşaq hücum”- ekoloji etiraz, sərhəd nəzarəti ilə bitməlidir. Bu, həm də beynəlxalq normalara uyğundur. Bizim sərhəddə sülhməramlılarla birgə nəzarətimizə Qərb etiraz etməyəcək, Rusiya qanunsuz yüklərin daşınmasına mane ola bilməməsi faktı qarşısında qalacaq, ermənilərin isə növbəti hay-küyü, yalançı göz yaşları bizim üçün mararqlı deyil. Ekoloji monitorinq keçirmək isə artıq gecdir və strateji əhəmiyyəti azdır, və ya yox səviyyəsindədir. Bundan sonra da, erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması sərt şəkildə gündəmə gətirilməli, keçmiş Dağlıq Qarabağ ərazisində yaşamış və erməni separatçıları tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların doğma yurdlarına qayıtması məsələsi də Rusiya dövləti qarşısında qaldırılmalıdır.
Azərbaycanın qeyd olunan məsələlərdə qəti və sərt mövqeyini qarşı tərəf (lər) bir daha görəcək və növbəti təxribatların heç bir rol oynamayacağını anlayacaqlar. Əks halda, Qarabağ münaqişəsində son nöqtə olan Xankəndi problemi qaldıqca Rusiya, Fransa, İran və Ermənistan bunu bizim “zəif bəndimiz” hesab edib, indiyədək apardıqları təxribatların miqyasını genişləndirəcəklər.
İlham İsmayıl
Follow @7timesaz