Rəsmi Kiyev Ukraynanın oğurlanmış taxılını daşıyan, bundan maddi gəlir əldə edən şəxslərə və qurumlara sanksiyalar tətbiq edəcək.
7Times.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.
O, Ukraynaya məxsus taxılın Rusiya tərəfindən mənimsənilərək İsrailə ixrac edilməsini pisləyib: “Bu legitim ticarət ola bilməz. İsrail rəhbərliyi ölkənin limanlarına hansı gəminin gəldiyini və bu gəminin nə daşıdığını bilməyə bilməz. Rusiya sistemli şəkildə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki taxılı mənimsəyir və işğalçılarla əlaqəli şəxslər vasitəsilə bu taxılın ixracını təşkil edir”.
Zelenski bu prosesin İsrailin öz qanunlarına da zidd olduğunu qeyd edib və Ukraynanın bu cür halların baş verməməsi üçün lazımi diplomatik addımlar atdığını, lakin daha bir gəminin İsrail limanına yan aldığını vurğulayıb.
“Mən vəziyyətlə bağlı Ukrayna Xarici İşlər Nazirliyini bizim bütün tərəfdaşlarımızı xəbərdar etməklə bağlı təlimatlandırmışam”, – Zelenski deyib.
Ukrayna lideri bu ticarətdən gəlir əldə edənlərin sanksiyaya məruz qalacağı ilə bağlı xəbərdarlıq etməklə yanaşı, həmin şəxslərə Avropa sanksiyalarının da şamil edilməsi üçün rəsmi Kiyevin avropalı tərəfdaş ölkələrlə koordinasiya quracağını da diqqətə çatdırıb.
“Ukrayna hər bir dövlətlə tərəfdaşlıq və qarşılıqlı hörmətə arxalanır. Biz xüsusilə Yaxın Şərqdə təhlükəsizliyi artırmaq üçün əzmlə işləyirik. İsrail rəhbərliyindən Ukraynaya hörmət edilməsini və ikitərəfli əlaqələrə zərər verən hərəkətlərdən çəkinmələrini gözləyirik”, – Zelenski əlavə edib.
APA
Follow @7timesaz


