Ölkə

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Yaqublunun vəkili Nemət Kərimli bundan əvvəl keçirilən prosesdə Tofiq Yaqublunun vəkilləri ilə yanaşı əyləşməsi barədə vəsatətlərinin məhkəmə tərəfindən təmin olunmasını hakimlərin diqqətinə çatdırıb. Vəkil məhkəmə qərarının icra olunmadığını, təqsirləndirilən şəxslərin onlarla yanaşı əyləşmədiyini deyib.

Hakim Elnur Nuriyev isə bildirib ki, məhkəmənin qərarı qüvvəsindədir, Tofiq Yaqublunun vəkilləri ilə yanaşı əyləşməsi üçün heç bir əngəl yoxdur. Amma Tofiq Yaqublu məhkəmənin qərarını icra etməkdən boyun qaçırıb, şüşə qəfəs arxasında məhkəmə iclasında iştirak edəcəyini deyib.

Daha sonra dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib. İttiham aktından məlum olur ki Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşiblər.

Belə ki, Tofiq Yaqublu zərərçəkmiş Elşən Hüseynova Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat istəyib. Elnur Məmmədov da araçılıq edərək bu deyilənləri zərərçəkmişə çatdırıb, Həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib. Tofiq Yaqublu və Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər. Daha sonra ittihama münasibət bildirən Tofiq Yaqublu özünü təqsirli bilməyib. Elnur Məmmədov isə özünü tam təqsirli bilib. Sərbəst ifadə verən Elnur Məmmədov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. O bildirib ki, Tofiq Yaqublunun bəzi şəxslərə xarici ölkə vətəndaşlığı alması barədə məlumatı olub. Onun sözlərinə görə, buna görə də ona müraciət edib və Elşən adlı tanışının Almaniyaya getməsi, orada vətəndaşlıq alması barədə deyib: “Tofiq də danışaraq həll edəcəyini bildirdi. Sonra mənimlə əlaqə saxladı, dedi ki, Qənimətlə danışmışam, məsəllə həll olunub. 25 min avro Qənimətə çatacaq. 10 min manat da əlavə istədik. Həmin pulun 7 min manatı Tofiqə, 3 min manatı isə mənə çatmalı idi”.

Elnur Məmmədov deyib ki, məsələni həll eləmədiklərinə görə Elşən Hüseynov polisə şikayət edib: “Bundan sonra məni həbs etdilər”.

Daha sonra Elnur Məmmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. O, ifadəsini təsdiq edib. Tofiq Yaqublu isə Elnur Məmmədovun yalan danışdığını, onunla heç bir sövdələşmə aparılmadığını deyib. Növbəti proses avqustun 9-da davam edəcək.

Cinayət işi üzrə zərərçəkmiş qismində Elşən Calal oğlu Hüseynov tanınıb.