“Avropa Məhkəməsi bu gün Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir qərardadını elan edib. “Tural Abbaslı Azərbaycana qarşı” işi üzrə ərizə baxılacaq şikayətlərin siyahısından çıxarılıb”.
Bu barədə hüquqşünas Xalid Ağaəliyev sosial şəbəkədə məlumat paylaşıb. O qeyd edib ki, məhkəmə tərəflər dostca anlaşdıqlarına görə belə qərardad qəbul edib: “Hökumət 3 ay içində T.Abbaslıya 4 min avro mənəvi zərər əvəzi, vəkillərinə 500 avro xərc, məsrəf əvəzi ödəməlidir”.
Ağ Partiyasının başqanı Tural Abbaslı sözügedən qərarla bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, həmin qərar 2013-cü ildə onun barəsində tətbiq edilmiş inzibati xəta ilə bağlıdır: “O zaman mitinqdə iştirak etdiyimə görə mənə cərimə yazılmışdı. Cəriməni ödəmədiyim üçün mənə inzibati işlərlə məşğul olmaqla bağlı məhkəmə hökmü çıxarılmışdı. Biz bu hökmlə bağlı Avropa Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdik”.