Yanvarın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin ilə görüşüb.
Bu barədə 7times.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycanın Müdafiə naziri vurğulayıb ki, dövlətlərimizin başçılarının dostluq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin, xüsusilə də hərbi və hərbi-texniki əməkdaşlığın dinamik inkişafını müəyyənləşdirir.
General-polkovnik Z.Həsənov qeyd edib ki, tarixə Vətən müharibəsi kimi düşən ikinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı və torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi.
Müdafiə naziri ümidvar olduğunu bildirib ki, Azərbaycanın Ağdam rayonu ərazisində yerləşən Birgə Monitorinq Mərkəzi səmərəli fəaliyyət göstərərək əldə olunan razılaşmaların icrasına nəzarət edəcək və regionda uzunmüddətli sülhün təmin edilməsinə töhfə verəcək.
General-polkovnik A.Fomin Birgə Monitorinq Mərkəzinin tam həcmdə fəaliyyətə başlaması üçün görülən işlərə və mərkəzdə yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Rusiya Müdafiə nazirinin müavini əmin olduğunu bildirib ki, mərkəz təyinatı üzrə fəaliyyət göstərərək qarşısına qoyulan vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcək, bölgədə sülhün və sabitliyin təmin edilməsinə nail olacaq.
Tərəflər həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələlərini, hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Follow @7timesaz