ABŞ-də səfərdə olan ukraynalı parlamentarilər ABŞ administrasiyasını Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika istehsalı olan silahlardan istifadəyə qoyulmuş qadağanı ləğv etməyə razı salmaq istəyir.
7Times.az xəbər verir ki, bunu ABŞ-nin “Politico” nəşri yazıb.
Məlum olduğu kimi, Bayden administrasiyası Ukraynaya uzaqmənzilli silahların verilməsi zamanı şərt qoyub ki, onlardan Rusiya ərazisinə zərbə endirmək olmaz. Qəzetin yazdığına görə, Rusiyanın Xarkov istiqamətində hücum əməliyyatları keçirə bilməsinin əsas səbəblərindən biri də Ukraynanın Rusiya ərazisində sərhəd boyu yerləşən Rusiya ordu qruplaşmasına zərbələr endirə bilməməsidir. Çünki ABŞ öz silahlarından Rusiya ərazisini vurmağı Ukraynaya qadağan edib. Ukraynalı rəsmilər isə ABŞ-də keçirdikləri görüşlərdə qeyd edirlər ki, Rusiya ərazisini vurmaq qabiliyyətinin olmaması Ukraynanı Xarkov istiqamətində hücuma hazırlaşan Rusiya qoşunlarına vaxtında zərbə endirməyə imkan verməyib. Buna görə də bir qrup ukraynalı parlamentari Kiyevin Rusiya Federasiyası daxilində yerləşən Rusiya hərbi anbarlarına zərbələr endirmək istədiyi bir vaxtda məsələ ilə bağlı Konqresdən dəstək axtarmağa çalışır.
Ukraynanın ABŞ-də olan hakim “Xalqın xidmətçisi” partiyasının parlamentdəki fraksiyasının başçısı David Araxamiya bildirib ki, “əsas problem Ağ Evin Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək imkanlarını məhdudlaşdırmaq siyasətidir”. Rusiya isə bu məhdudiyyəti yaxşı bilir və ABŞ-nin uzaqmənzilli taktiki raket sistemləri ilə vurulmaqdan qorxmadığı üçün sərhədə on minlərlə əsgər və texnika cəmləyə bilir.
Parlamentin Silah və sursat üzrə xüsusi komissiyasının sədri Aleksandra Ustinova bildirib ki, Ukrayna rus hərbçilərinin Rusiya ərazisində sərhəddən bir-iki kilometr aralıda toplaşdığını görüb, lakin məlum qadağaya görə buna qarşı heç nə edə bilməyib. Ukraynalı parlamentarilərin bu səylərinin hər hansı konkret nəticə verdiyinə dair hələlik məlumat olmasa da, səfərin və Konqresdə, Ağ Evdə müzakirələrin bir həftə davam edəcəyi gözlənilir.
“AzPolitika”
Follow @7timesaz