Rusiya-Ukrayna müharibəsinin gedişatının hərbi-ərazi nöqteyi-nəzərdən hansı dövlətin iş əmsalına böyük fayda gətirəcəyi barədə proqnozlar vermək getdikcə çətinləşir. Digər tərəfdən isə Putinin səfərbərlik qərarından sonra insanların daha çox orduya cəlb olunduğu regionlarda hökumət əleyhinə etirazlar başlayıb. Rusiyada insan hüquqlarının vəziyyəti və siyasi təqiblərin monitorinqini aparan OVD-info media layihəsinin bildirdiyinə görə, səfərbərlik əleyhinə keçirilən aksiyalarda 1336 nəfər saxlanılıb. Ukraynadakı müharibənin başladığı 24 fevral tarixindən bugünədək isə müharibə əleyhidarı olan 16 min 500-ə yaxın etirazçı saxlanılıb.
Ehtiyatında olan hərbçilərin səfərbər olunmaması Rusiya hakimiyyətini Federal Təhlükəsizlik Xidmətini (FSB) hərəkətə keçirməyə sövq etdi. Görünür ki, Rusiyada səfərbərlikdən qaçanların sayı döyüşənlərdən çoxdur. Rusiya vətəndaşlarının nəzərəçarpan hissəsi Ukraynada işlərin yaxşı getmədiyini bilir. Çağırışçıların ölkədən qaçmasında bu amil də az rol oynamır. Çoxuna aydındır ki, Ukraynada onları ölüm gözləyir. Putin bəyan edib ki, qismən səfərbərlik tədbiri Rusiyanı, onun suverenliyini, ərazi bütövlüyünü qorumaq və Rusiya xalqının təhlükəsizliyini təmin etmək üçün qəbul edilib. Bu qərara etiraz edən bəzi Rusiya vətəndaşları ölkənin müxtəlif şəhərlərində səfərbərliyə qarşı etiraz aksiyaları keçiriblər.
Ukraynaya olunan təcavüz Rusiyanı daha da zəiflədir
Rusiyanın Ukraynaya təcavüzü günahsız Rusiya vətəndaşlarına getdikcə daha çox təsir edir. Böyük Britaniya kəşfiyyatı məlumat verir ki, Kreml müharibəyə tamamilə hazırlıqsız adamları yola salır. Çağırışçılar heç bir təlim keçmədən güllə qabağına göndərilir. Heç kimin ağlına gəlməzdi ki, Rusiyadsa səfərbərlik əsl komediyaya çevriləcək. Çünki müharibə dövründə şimal dövlətinin vətəndaşları mikrofon görən kimi hökumətin yanında olduqlarını, hərbi əməliyyatları dəstəklədiklərini deyirdilər. Nadir hallarda kimsə Kremlin siyasətini tənqid edirdi. İndi isə Rusiya sürətlə boşalır. Ölkədən qaçanların sayı yarım milyon nəfəri keçib. Orduya çağırılanlarla bağlı videolar isə rüsvayçı mənzərəni çılpaqlığı ilə göstərir. Sərxoş çağırışçılar avtobuslara doldurulur. Onların bəzisi ayaq üstə dayana bilmir. Potensial müharibə iştirakçıları avtobusda da içirlər. Hətta son günlər Rusianın müxtəlif ərazilərində yaşayan bəzi gənclər müharibəyə getməmək üçün qəsdən qol və ayaqlaını sındırmağa başlayıb. Bu cür hallardan bir neçəsinin videosu sosial şəbəkələrdə qısa zamanda viral olub. Səfərbərliyə çağırılan gənclərdən biri dostunun əlinə daş çəkicini verərək, ondan qolunu sındırmasını xahiş edib. Digərinin dostu isə gənc oğlanın üzərinə tullanaraq onun ayağını sındırıb. Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Rusiya prezidenti Vladimir Putin Cinayət Məcəlləsinə “səfərbərlik”, “hərbi vəziyyət”, “müharibə vaxtı” kimi anlayışları daxil edən qanunu imzalayıb. Cinayət və Cinayət Prosessual Məcəlləsinə edilən dəyişikliklərə görə, səfərbərlik və hərbi vəziyyət zamanı bölməni 2 gündən 10 günədək icazəsiz tərk edənlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 337-ci maddəsi əsasən, 5 ilədək həbs ediləcək. Həmçinin icazəsiz tərk etmə müddəti 10 gündən 1 ayadək olarsa, 7, 1 aydan artıq olarsa, 10 ilədək azadlıqdan məhrum etmə cəzası veriləcək. Könüllü təslim olanları 10 ilə qədər həbs, müharibə zamanı talançılıqla məşğul olanları isə 15 ilə qədər həbs cəzası gözləyir. Təkcə qonşu Qazaxıstan, Gürcüstan, Monqolustan və Finlandiya 200 minə yaxın rus qəbul edib. Bəzi Avropa İttifaqı ölkələri, xüsusən də Latviya və Çexiya səfərbərlikdən gizlənən ruslara viza verməyəcəklərini bildiriblər. Öz növbəsində Avropa Komissiyası bildirib ki, Avropa İttifaqı səfərbərlik şəraitində sığınacaq istəyən rusların ölkəyə giriş hüququna zəmanət verməlidir.
Rusiya vətəndaşlarının yaşadığı yerlərə telefon zənglərinin olduğu, elektron məktubların göndərildiyi, eləcə də FSB müdaxilələrinin olduğu artıq çoxlu hallar var. Səbəb təhlükəsizlik xidmətinin əlində guya bu şəxslərin hökumət əleyhinə nümayişlərdə iştirakına dair sübutların olması, bununla yanaşı onların Ukrayna müharibəsi və Rusiya silahlı qüvvələri ilə bağlı yalan məlumatlar yaymasıdır. Onların məqsədi vətəndaşları hadisənin səbəblərini izah etmək üçün ən yaxın FSB bölmələrinə gəlməyə məcbur etməkdir. Tabe olmadıqları halda iş məhkəməyə verilir. Əslində bu, ehtiyatda olanları səfərbər etməyə və onları Ukrayna cəbhəsinə getməyə məcbur etmək üçün bir bəhanədir.
İctimaiyyətdə daha böyük qorxu yaratmaq üçün FSB əməliyyatın növbəti mərhələsinə keçərək xəbər yayıb ki, tələb olunan müddətdə ittihamlara aydınlıq gətirilməsə, məlumat dərhal işdən azad edilmələri üçün həmin şəxslərin iş yerlərinə göndəriləcək.
Kütləvi həbslər qaçılmazdır
Kampaniya Rusiyanın əksər regionlarında geniş vüsət alıb və bir çox şirkət və qurumların, o cümlədən Transneft, Rosatom, VTB Bank, Rusgeologiya, İqtisadi İnkişaf Nazirliyi və s. əməkdaşlarını əhatə edir. Bu cür vacib qurum və şirkətlərin işçilərinin də artıq bu halları yaşaması, müharibəyə göndərilə biləcək adam sayının dramatik səviyyədə məhdudlaşdığını özü-özlüyündə sübut edir. Qarşıdakı aylarda könüllülərin və peşəkar əsgərlərin çatışmazlığı səbəbindən məcburi səfərbərliyin olacağı barədə internetdə məlumatlar yayılır. Sentyabr ayında Rusiyanın qismən səfərbərlik elan etməsi vətəndaşların etiraz aksiyalarına səbəb olub, yüzlərlə insanın həbs olunduğu bildirilir.
İnsanların bu tip məlumatları paylaşmağın ağır nəticələrini bilməklərinə baxmayaraq, kampaniya sosial mediada geniş əks-səda doğurdu. Buna misal olaraq, məsələn, Tvitterdə Yevgeni Qaranin (Rosatomun əməkdaşı) oxşar hadisələr barədə məlumat yayıb. Bu əks-səda müxalifət sıralarında, xüsusən də FSB-nin məkrli təxribatından birbaşa danışan Navalnının ətrafında da yüksəlir. Qış istilasının qarşıdakı aylarında könüllülərin və peşəkar əsgərlərin çatışmazlığı səbəbindən məcburi səfərbərlik barədə internetdə məlumatlar yayılır.
Hazırda Sibirdən çağırışlar artıq yetərli deyil və Putinin müharibəsi Moskvada, Sankt-Peterburqda qapıları döyməyə başlayıb. Anbarların dəhşətli vəziyyəti ordunun qışa hazır olmadığına dəlalət edir. Qoşunlar üçün uniforma və ya silah kimi əsas avadanlıqlar yoxdur. Dövlət vəsaitlərindən və ləvazimatlarından oğurluqlara “yuxarıdan” gələn səssiz razılıq yeni səfərbər olunanların lazımi şəkildə təchiz olunmasının qarşısını alır.
Krım körpüsündə baş verən qəza, Çeçen müharibəsi zamanı orada baş verən, mənbəyi o qədər də aydın olmayan bombalı hücumlarla oxşarlıq təşkil edir. Baxmayaraq ki, bu qəzada yaşayış binaları yox, infrastruktur zədələndi, Rusiya hökuməti bu hadisələri 2014-cü ilin uğurlu kampaniyasının simvoluna hücum kimi izah etməyə çalışıb, böyük ehtimalla, işğalı davam etdirmək üçün lazım olan dəstəyi artırmağa çalışacaq.
Sözügedən müharibənin mənfi cəhətləri sadalananlarla bitmir. Bir sözlə, bu münaqişə nə qədər uzansa, zərəri bir o qədər çox və vəziyyətin düzəlməsi bir o qədər çətin olacaq.
7Times.az
Follow @7timesaz