Maqazin

“Vüqarı bu yoldan çəkindirmək istəyirdim, artıq gec idi, ölümünü tezləşdirdi…” – FOTOLAR

“Vüqarı bu yoldan çəkindirmək istəyirdim, artıq gec idi, ölümünü tezləşdirdi…” – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vüqarın ölümündən istifadə edirlər, ölümü də kimlərəsə pul qazandırır”

Məşhur meyxanaçı Vüqar Biləcərinin atası Zakir Paşayev Moderator.az-ın suallarını cavablandırıb.
– Zakir bəy, necəsiniz? Özünüzü necə hiss edirsiniz?
– Şükür Allaha, babatam. Şəkərə görə 5 ayaq barmağımı kəsiblər. Özüm-özümü idarə edə bilirəm. Bütün günü evdə vaxtımı keçirirəm. Bu yaşdan sonra gedəcəyim  bir yer də yoxdur. Hara gedim? Vüqarın dərdi məni bu günə saldı. Harada Vüqarın atası olduğumu bilirlərsə, böyük hörmət qoyurlar. Məni görüb ağlayırlar. Bu da Vüqara qarşı olan böyük sevginin təzahürüdür.
– Vüqardan sonra qapınızı kimlər döyür?
– Vüqar yeni dünyasını dəyişəndə çox adam gəlib gedirdi. İndi isə gələnlər demək olar ki, yoxdur. Bəlkə də məzarı üstünə gedib-gəlirlər, amma evə yox. Evə yalnız mənim qohumlarım, tanışlarım gəlib-gedir.
– Vüqar necə bir ailədə böyümüşdü?
– Mənim 3 övladım var idi. İki oğlan, bir qız. Vüqarı bütün övladlarımdan seçirdim. 4-5 yaşı var idi, meyxana deyərdi. Deyərdi ki, kişi yatma, gəl meyxana deyək. Əslində uşaq yaşlarından onda bu həvəsi görmüşdüm, onu bu yoldan çəkindirmək istəyirdim. Mən onun meyxanaçı olmağını istəmirdim, amma artıq gec idi. Deyirdim ki, nə istəyirsən edim sənin üçün, hansı sahədə olursan, ol bircə meyxanaçı olma. Evə gəlib görürdüm ki, yoxdur. Küçələrə düşüb onu axtarırdım. Məhəllədə park var idi, orada çayxana qurmuşdular. Stolun üstünə sonuna qədər bir süfrə sərmişdilər. Mən onu axtaranda o stolun altına girirmiş. Belə-belə sənətə gəldi, qəzəlxan, meyxanaçı oldu.
– Niyə bu sənətlə məşğul olmağını istəmirdiniz?
– Mən bilirdim ki, bu sənətin sonu yoxdur. Qorxum da təkcə bundan idi. Qorxuduğum da başıma gəldi. Vüqar meyxananı savadlı şəkildə deyirdi, qəzələ üstünlük verirdi. O başqa oğlan idi. Onun savadı sənətinə də yansıyırdı.
– Amma bununla belə meyxana sənətini gözdən salanlar da olur.
– Əlbəttə! Bu sözümə görə məni bağışlayın, o qədər düşüklər var ki. Görmədiyini görür axı.
– Vüqar toylardan qazana bilirdi?
– Hər gün toylarda idi. Qətiyyən yorulmurdu. Toydan gecə saat 4-də gəlirdi. Gəlib məni qucaqlayırdı. Deyirdi ki, papa gəl çay içək. Deyirdim ki, ay Vüqar, gecə saat 4-dür. Vaxt olub ki, oturub gecədən səhərə qədər söhbət etmişik. O qədər şirin söhbət etməyi vardı ki. Mən Vüqarla həm ata-oğul, həm də dost olmuşam. Heç vaxt onun pulundan istifadə etməmişəm. Mən özüm böyük maşınlarda işləmişəm, əlim pulla oynayıb, cibim dolu pulla evə gəlmişəm. Yalandan üstümə şər atmışdılar ki, onu puluna görə çox istəmişəm. Mənim puluma nə gəlmişdi ki?! Allah böyükdür, o hər şeyi bilir və görür. Vüqarın adından istifadə edənlərə ar olsun. Onun adından istifadə edib səhifələr açırlar, özlərini reklam edirlər. Onlar Vüqarın ölümündən də pul qazanırlar. Vüqar həqiqətən də çörək verən oğlan idi. Görürsünüz, ölümü də kimlərəsə çörək pulu qazandırır.
– Rəşad Dağlı ilə Vüqarın çox yaxın dostluğu olub. Rəşada bu çətin günlərdə necə dəstək oldunuz?
– Vüqarla Rəşad yaxın dost idilər. Rəşad Dağlı bizə çox gəlib. Meyxananın barmaqla sayılan 2-3 nümayəndəsi var. Onlardan biri də Rəşad idi. Allah tezliklə qapısını açsın. Rəşadın atası Vaqif kişiyə sizin vasitənizlə səbr arzu edirəm. Mən onun nömrəsini bilmirəm, amma oğlum onlara gedib-gəlir. Rəşadın atasının çəkdiyini bir növ mən də çəkirəm. Rəşad çıxıb gələcək, amma Vüqar heç vaxt yanıma qayıtmayacaq (kövrəlir).
– Vüqar necə dünyasını dəyişdi?
– O günü xatırlamaq mənə böyük ağrı-acı verir. Vüqar xəstə idi, günü-gündən arıqlayıb çöpə dönürdü. Anasının ölümü də ona çox pis təsir etmişdi. Bu da onun ölümünü tezləşdirdi. İndi nə anası həyatdadır, nə də ki, Vüqar. Allah hər ikisinə rəhmət etsin.