Xaçmaz rayon MKTB (Mənzil Kommunal Təsərrüfat Birliyi) Xaçmaz və Xudat şəhər sakinlərinə müraciət edib. Vətəndaşlardan məişət tullantılarını axşam saat 18 dən sonra çölə çıxarmaları xahiş edilib.
7times.az-a açıqlama verən qurumun rəis müavini İlham Quliyev bildirib ki, şəhərin təmiz və abad saxlanması üçün hamının bu qaydaya riyayət etməsi vacibdir.
Hər gün səhər saat 7-dən etibarən nəqliyyat vasitələrimiz və işçi qüvvəmiz məişət tullantılarının toplanmasına başlayır. Müəyyən olunmuş qrafik əsasında həm Xaçmaz, həm də Xudat şəhərlərinin küçə və prospektləri təmizlənir. Vətəndaşlarımızdan tələb olunur ki, bu saatdan sonra heç kəs təyin olunmuş yerlərdən və zibil qablarından başqa heç yerə məişət tullantısı qoymasın.
Şəhərin təmizliyinə məsul olan Mənzil Kommunal Təsərrüfat Birliyinin qarşılaşdığı digər bir problem isə həm əhali, həm də kommersiya strukturlarının məişət tullantılarının toplanması üçün nəzərdə tutulmuş ödənişləri vaxtında ödəməməsi ilə bağlıdır. Qurum həm sakinlərdən, həm də sahibkarlardan bu ödənişlərin vaxtında ödənməsinin təmin edilməsini xahiş edir.
Follow @7timesaz