Müşavirədə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova Quba, Qusar, Şabran Siyəzən və Xızı rayonlarının icra hakimiyyəti strukturlarının məsul şəxsləri, hüquq mühafizə orqanlarının nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin məsul şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi bu sahənin inkişafına mühüm təsir göstərir. Qeyd edilib ki, taxılçılıq kənd təsərrüfatının aparıcı sahələrindən biri olmaqla ərzaq təhlükəsizliyinin davamlı təmin olunmasında, o cümlədən heyvandarlığın yem bazasının təşkilində, ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.
Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova respublikada taxıl biçininin aktiv mərhələyə qədəm qoyduğunu, əksər rayonlarda aktiv biçin prosesinin getdiyini bildirib. Biçinin mütəşəkkil şəkildə, itkisiz başa çatdırılması üçün Nazirlik tərəfindən tədbirlər planı hazırlanıb. Nazir müavini biçin prosesinin optimal müddətdə başa çatdırılması və növbəlilik prinsipinə əməl olunmasının vacibliyini vurğulayıb. Yerli qurumları yarana biləcək çətinlikləri aradan qaldırmaq üçün koordinasiyalı fəaliyyətə çağırıb.




