Region

Xankəndinə 12 min azərbaycanlı köçəcək – MÜSAHİBƏ

Xankəndinə 12 min azərbaycanlı köçəcək – Müsahibəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əslən Xankəndindən olan Milli Məclisin keçmiş deputatı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımovanın Yenisabah.az-a müsahibəsi:

– Flora xanım, düşmən Xankəndində tarixən ermənilərin yaşadığını, azərbaycanlıların azlıq təşkil etdiyini iddia edir. Sovet dövründə Xankəndinin azərbaycanlı əhalisinin sayı nə qədər olub?

– Xaricdə yaşayan Xankəndi sakinləri də var. Əgər Xankəndinə köç başlasa, onlar da öz evlərinə gəlib-gedəcəklər. 70-ci illərdə hələ Xocalı, Kosalar və başqa bəzi kəndlər vardı ki, oradakı azərbaycanlıların hamısı keçmiş Stepanakert rayonunun sakini hesab olunurdu. Sonra Stepanakert ləğv olundu və Əsgəran rayonu yaradıldı. Yadımdadır, hələ Xocalı rayonu yaranmamışdı, onda azərbaycanlı Xankəndi sakinlərinin sayının 16 min olduğunu deyirdilər. 1990-91-ci illərdə müstəqillik hərəkatı başlayandan sonra isə Əsgəran ləğv olundu və Xocalı rayonu yaradıldı. Nəticədə Xankəndinin azərbaycanlı əhalisinin bir hissəsi Xocalı rayonu üzərində qeydiyyata düşdü. Həmçinin bəzi kəndlər də Xocalı rayonuna tabeliyinə verildi və azərbaycanlıların sayı Xankəndində azaldı. Ona görə də həmin dövrdə Xankəndi sakini olan azərbaycanlıların sayı haqqında dəqiq nəsə demək mümkün deyil. Digər bir tərəfdən isə ermənilər həmişə yaranmış vəziyyətdən istifadə edərək orda öz saylarını artırıb, azərbaycanlıların sayını azaldırdı. Ermənilər uzun illər bundan əvvəl, məsələn, 1945, 1967-ci ildən bu kimi məsələni qaldırmağa başlayıblar. Onlar gedib İrəvanda təhsil alıb orada qalırdılar, amma qeydiyyatdan çıxmırdılar ki, Xankəndində sayları çox görünsün. Çünki uzun illər çalışıblar ki, oranı müstəqil respublika etsinlər.

– Bildiyimiz qədərilə siz uzun illər Xankəndi azərbaycanlılarının dəqiq sayını müəyyənləşdirmək üçün çalışmısınız…

– Mən məhz bu kimi problemlər səbəbilə hətta bir ara Xankəndi icra strukturunun yaranması məsələsini də qaldırmışam. Çünki doğrudan da, o vaxt bizə sayı öyrənmək çox çətin idi, mən müəllimə işləmişəm, həmin vaxt şagirdlərimin bir neçəsini çağırdım, biz küçə-küçə azərbaycanlı ailələrin sayını hesabladıq, 10 minə ancaq çatdıq, bunun isə bir neçə səbəbi vardı, ona görə də mən dəqiq rəqəm deyə bilmərəm. Məsələn, Kərkicahanın əhalisinin sayı dəqiq idi, çünki orada o vaxt azərbaycanlılar kompakt yaşayırdılar. 1990-91-ci illərdə Xankəndi şəhəri nəzdində qəsəbə soveti yarandı, həmin vaxt sovet sədri bütün siyahıları yığmışdı, amma şəhərdə əhali dağınıq yaşadığı üçün say dəqiq deyildi.

– Bu gün məhz Xankəndi ilə bağlı rəqəmlərin göstərilməməsinin başlıca səbəbi nədir?

– Xankəndinin çətinliyi onda oldu ki, azərbaycanlılar oradan qovulandan sonra problemləri həll edəcək bir qurum yaratmadılar. Ən birinci Xankəndi işğal olundu, o vaxtadək sakinlərin bəziləri Şuşaya, Xocalıya, Ağdama köçüb ora qeydiyyatına düşmüşdülər. Həmçinin qızlar evlənib başqa yerə ərə gedəndə nə onları, nə uşaqlarını Xankəndi sakini hesab edirdilər. Belə-belə sayı azaltdılar. Bizim ən böyük səhvimiz o oldu ki, sonuncu seçkidə sayı dəqiqləşdirmədik. Statistika komitəsinin sədri Tahir müəllimə zəng elədim, ona səhv elədiyimizi dedim. O vaxt fürsət idi, gərək dəqiqləşdiriləydi.

– Deputat olduğunuz dövürdə də say haqqında heç bir məlumat əldə edə bilmədiniz?

– Deputat seçiləndən sonra dəqiq sayın öyrənilməsi üçün Əli Həsənovun vaxtında bir neçə dəfə Prezident Aparatında oldum. Niyyətim o idi ki, bir qurum yaradaq, adını nə qoyuruqsa qoyaq, amma heç olmasa, bu xankəndlilərlə əlaqə saxlanılsın, dəqiq sayları öyrənilsin, problemləri işıqlandırılsın və həll edilsin. Yəni necə ki digər rayonların sakinlərinin dəqiq sayını, hər rayondan nə qədər köçkün olduğu bilirdik, Xankəndi ilə bağlı da məlumatlı olmaq istəmişdim. Bundan sonra  “Qaçqınkom” Xankəndi sakinlərinin sayı ilə bağlı bütün icra hakimiyyətlərinə telefonoqram göndərmişdi. “Qaçqınkom” xankəndlilərin məskunlaşdığı ərazi ilə bağlı dəqiq məlumat almışdı, yadımdadır, hətta məndə də o göstəricinin bir surəti vardı. Orada Xankəndindəki azərbaycanlıların sayı 12 min göstərilirdi. Hətta rəqəm 12 mindən bir az da artıq idi. Yenə də deyirəm, bizim xaricə köçən nə qədər xankəndililərimiz də var, onları da nəzərə almaq lazımdır.