Dünya

Xarkov vilayətinin bəzi bölgələrində əhaliyə təxliyə ilə bağlı göstəriş verilib

Xarkov vilayətinin bəzi bölgələrində əhaliyə təxliyə ilə bağlı göstəriş verilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın şimal-şərqindəki Xarkov vilayətinin bəzi hissələrində yerli əhaliyə təxliyə ilə bağlı göstəriş verilib.

“Report” “Euronews”a istinadən xəbər verir ki, Ukrayna ordusu şimal-şərq cəbhəsində vəziyyətin gərgin və çətin olduğunu bildirib.

Ukrayna Silahlı Qüvvələri Şərq qruplaşması qoşunlarının sözçüsü Sergey Çerevatı Kiyevin hücuma məruz qaldığı zaman istifadə etdiyi ümumi ifadəni təkrarlayaraq, vəziyyətin çətin, amma nəzarət altında olduğunu bildirib.

Lakin bölgədə Rusiya ordusunun irəlilədiyi üçün yerli hakimiyyət orqanları mühüm kommunikasiya qovşağı olan Kupyansk rayonunda 37 ərazinin boşaldılması ilə bağlı fərman imzalayıb.

Təsirə məruz qalan ərazilər əsasən cəbhəyə yaxın, Oskil çayının sol sahilində yerləşən kəndlərdir və təxminən 12 min sakinin evlərini tərk etməsinin tələb olunduğu təxmin edilir. Yerli hərbi administrasiyanın rəhbəri Andriy Besedin dövlət televiziyasına bildirib ki, təxliyələr dünən sərəncam imzalanan kimi başlayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi də gündəlik hesabatında Kupyansk istiqamətində mövqelərini “təkmilləşdirdiyini” bildirib. Rusiya Müdafiə Nazirliyinin videobrifinqində nümayiş etdirilən xəritələrdə də qoşunların Kupyanskdan cəmi bir neçə kilometr aralıda olduğu göstərilir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.