Ölkə

XİN-in mətbuat xidməti niyə kölgəyə çəkilib? – DETALLAR

XİN-in mətbuat xidməti niyə kölgəyə çəkilib? – DETALLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Media cameəsində heç kəs dana bilməz ki, bu gün jurnalistlərin ən yaralı yeri dövlət qurumlarının mətbuat xidmətləridir. İnsafən, elə mətbuat katibləri var ki, media ilə aktiv işləyir. Amma bir çoxu barədə bunu demək olmaz. Elə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə haqqında da. Əksər jurnalistlərin XİN sözçüsü barədə fikirləri eynidir; zənglərə cavab vermir, sorğulara operativ yanaşmır, xarici siyasət məsələlərini şərh etməkdən çəkinir.

Elə bu gün əməkdaşımıza da Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Xəzər Şurasının yaradılması ilə bağlı təklifinə Azərbaycan XİN-in münasibətini öyrənmək müyəssər olmadı. Çünki telefon zəngimizə Ayxan Hacızadənin Moskvada olması barədə qısa arayış verildi. Vəssalam. XİN sözçüsünün xarici siyasətlə bağlı məsələyə “çevik” münasibəti belə bəlli oldu…

Sözün açığı, Tahir Tağızadə, Xəzər İbrahim, Hikmət Hacıyev və Leyla Abdullayeva kimi mətbuat xidməti rəhbərlərindən sonra Ayxan Hacızadənin bu fəaliyyəti heç də ürəkaçan deyil.

O baxımdan cənab Hacızadənin nəzərinə çatdırmağı özümüzə borc bilirik ki, ölkənin xarici siyasət idarəsinin mətbuat xidməti fəaliyyət göstərdiyi sektorun əhəmiyyətini dərindən dərk etməlidir. Xatırladırıq ki, cənab Hacızadə elə bir sektorda fəaliyyət göstərir ki, beynəlxalq məsələlərdə operativlik, şərh və münasibət sərgiləmək onun birbaşa borcudur.

Ümumiyyətlə, dövlət orqanlarının mətbuat xidmətləri arasında XİN-in aidiyyəti qurumunun işinin təşkili xüsusilə fərqlənməlidir. Ayxan Hacızadə dərk etməlidir ki, ən azından sələflərinin iş rejimi və prinsiplərinə sadiq qalmalıdır. Yadımdadır, elə gün olurdu ki, Tahir Tağızadəyə bir gündə bir neçə dəfə zəng etməli olurduq. Hikmət Hacıyev isə XİN sözçüsü kimi mediaya mütəmadi açıqlama verməkdən yorulmurdu. Leyla Abdullayeva da öz növbəsində sorğu və müraciətlərə dərhal, operativ cavab verirdi. Əcəba, Ayxan Hacızadə niyə fərqlənməlidir ki?!

Əgər o, öz işinin fəlsəfəsini ən yumşaq şəkildə desək, anlamaq istəmirsə, ölkənin xarici siyasətinin strateji məqsəd və vəzifələrini gündəlik şərh və açıqlamaları ilə təqdim etmirsə, onda sözümüz cənab Ceyhun Bayramova olacaq.

O Bayramova ki, hazırda Xarici işlər naziri kimi rəhbərlik etdiyi qurum ictimaiyyətlə əlaqələrə çox ciddi önəm verir. Bu gün Azərbaycan beynəlxalq arenada uğurlu xarici siyasət həyata keçirir. Bu prosesin mahiyyəti günbəgün, addımbaaddım ictimaiyyətə şərh edilməli, eləcə də çağırışlara, xarici ölkələrin diplomatik qurumlarının regionla bağlı mesajlarına adekvat mövqe ortaya qoyulmalıdır. Təəssüf ki, Ayxan Hacızadə rəhbərlik etdiyi strukturun məqsəd və vəzifələrini anlasa da, nədənsə üzərinə düşən öhdəlikdən yayınmağa çalışır. O, jurnaistlərlə söhbətində də bir neçə dəfə mediaya açıq olmağa maraq göstərmədiyini büruzə verib. Həmkarlarımızdan birinin yadında qalan əsas məsələ isə XİN-in saytı ilə bağlı iradlara dilucu cavabı olub.

Bildiyim qədər XİN-in mətbuat xidmətində bir neçə əməkdaş çalışır.  Onların mediaya ötürdüyü xəbər və məlumatlar da Ayxan Hacızadənin rəsmi təsdiqindən sonra göndərilir. Deməli, bütün bunlara vaxt tapan sözçü harada olmasından asılı olmayaraq, hər bir jurnalistin sorğusuna da operativ cavab verə bilər.

Tənqidlə yanaşı, insafən, bir pozitiv məqamı da xüsusilə vurğulamaq yerinə düşər ki, nazirlik medianın müntəzəm monitorinqini aparır, lazım gəldikdə düzəliş və təkzib edir.

KONKRET.az