Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlara və sürücülərə müraciət edib.
İdarədən 7times.az-a daxil olan məlumatda qeyd edilir ki, bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobillərinin oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yükləndiyini müşahidələr göstərir:
“Bu formada da ümumi istifadədə olan avtomobil yollarında idarə edilir. Belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur.
Bununla yanaşı, avtomobil yollarında yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən də istifadə edilir ki, həmin avtomobillərdə nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılmaqla hərəkətin intensivliyinə maneçilik yaradır və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə törədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir.
Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslərin barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək”.