Manşet

Zərərsizləşdirilən İran vətəndaşının kimliyi bəlli oldu – RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)

Zərərsizləşdirilən İran vətəndaşının kimliyi bəlli oldu – RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.

7times.az-ın xəbərinə görə, məlumatda deyilir:

“Xəbər verildiyi kimi, mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açmış və nəticədə xidməti vəzifələrini icra edən 2 hərbi qulluqçunun həlak olması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq davam etdirilir.
İstintaq zamanı cinayət hadisəsinin iştirakçılarından biri – İran İslam Respublikasının vətəndaşı Həsənəli Bərgi təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Bu gün saat 10 radələrində DİN-nin Daxili Qoşunlarının və DSX-nın əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayət hadisəsinin digər iştirakçılarından biri – İran İslam Respublikasının vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlunun Yardımlı rayonu ərazisində gizləndiyi yer müəyyən edilmiş, sonuncu təslim olmayaraq, silahlı müqavimət göstərdiyindən hərbi qulluqçularımız tərəfindən silah tətbiq edilməklə zərərsizləşdirilmişdir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə keçirilmiş baxış zamanı 1 ədəd “AK 74” silahı, onun komplekt hissəsi – içərisində 20 ədəd patronu olan 1 ədəd daraq, odlu silaha aid gilizlər və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq götürülmüş, Əllahbəxş Ağayinin meyitinin xarici və daxili müayinəsinin keçirilməsindən ötrü məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur.

Hazırda cinayətin digər iştirakçısının şəxsiyyətinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, habelə işin digər hallarının araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir”.

***11:01

Azərbaycan sərhədçilərini qətlə yetirərək qaçan İran vətəndaşı zərərsizləşdirilib.

7times.az-ın xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbçisini öldürən şəxslər hadisə yerindən qaçaraq, Yardımlı rayonu ərazisində dağlarda gizləniblər.

Mayın 18-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının əməkdaşlarının keçirdiyi əməliyyat zamanı dağlarda gizlənən İran vətəndaşının birinin yeri müəyyən edilib. Həmin şəxs təslim olmayaraq silahlı müqavimət göstərib. Bu zaman Daxili Qoşunların əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və həmin şəxsi zərərsizləşdirib.

Hüquq-mühafizə orqanları “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, mayın 15-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.

Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisə yerində, təxminən, 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.

Hadisənin baş verdiyi ərazi qapadılmış və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunmuşdur. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İran vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.

DSX rəisinin tapşırığına əsasən DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub.

Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.