Piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması daima diqqət mərkəzindədir.
Sürücü-piyada anlaşması haqqında 7times.az-a Qusar RPŞ DYPB-nin baş dövlət avtomobil müfəttişi, polis mayoru Natiq Müzəffərov müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
Sürücü, piyada yol hərəkətinin iştirakçısına çevrilirsə, hüquq və vəzifələrə görə məsuliyyəti kim daşıyır?
– Hər ikisi yol hərəkəti qaydalarının qorunmasında bərabər məsuliyyət daşıyır.
Bəşəriyyəti bir ildən artıq qorxu, təlaş içində saxlayan COVID-19, onunla bağlı elan olunan karantin tədbirləri həyatımızın bütün sahələri kimi nəqliyyat sektoruna, maşınların və insanların hərəkətinə ciddi təsir göstərib. Bir sıra marşrutlar üzrə hərəkətin məhdudlaşdırılması vətəndaşlarımızı on illər ərzində vərdiş etdikləri yaşam tərzində müəyyən dəyişikliklər etməyə, mənzil başına yetişmək üçün alternativ yollar axtarmağa məcbur edib. Təəssüf ki, bu yollar həmişə qanunlarımızın tələblərinə uyğun gəlmir.
Fəaliyyətini hər zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri səviyyəsində quran Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi pandemiya şəraitində də piyadalar arasında intizamın möhkəmləndirilməsi, sürücü-piyada münasibətləri, yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunmasını diqqət mərkəzində saxlamışdır.
Təəssüf ki, insan faktoru, əsəb gərginliyi də öz rolunu oynamaqdadır. Tələskənlik, fikir dağınıqlığı, yol hərəkəti qaydalarına məhəl qoymamaq qəzaların baş verməsinə səbəb olan amillərdir. Bu baxımdan ilin yola saldığımız ilk ayının nəticələri də anacaq təəssüf doğurur. Belə ki, rayon ərazisində qeydə alınan 5 yol-nəqliyyat hadisəsi piyadaların bilavasitə iştirakı ilə baş vermişdir. Nəticədə 1 nəfər dünyasını dəyişmiş, 4 nəfər xəsarət almışdır.
İnsanların əksəriyyətində elə səhv təsəvvür var ki, guya qəzalar ancaq sürücülərin günahı ucbatından baş verir. Amma apardığımız araşdırmalar, təhlillər, eləcə də yuxarıda diqqətinizə çatdırdığımız faktlar, yəni baş verən yol-nəqliyyat hadisələrinin bütün hallarda piyadaların payına düşməsi onların məsuliyyətindən də xəbər verir.
Uzun fasilədən sonra təhsil müəssəsələrimizin fəaliyyəti bərpa olunub, uşaqlarımız sevimli məktəblərinə qayıdırlar. Keçən vaxt ərzində onların yol hərəkəti qaydalarına əməl etmək vərdişlərinin unudulması ehtimalı var. Ona görə həm böyüklərə, həm uşaq və yeniyetmələrə ən zəruri qaydaları xatırlatmağı gərəkli bilirik.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “Yol Hərəkəti Qaydaları” və İnzibati Xətalar Məcəlləsində yollarda baş verən yol-nəqliyyat hadisələrində sürücü ilə yanaşı, piyadanın da məsuliyyəti göstərilib.
Piyadalar yolu keçərkən hansı qaydalara əməl etməlidirlər?
– Çoxları buna adi yanaşsa da, əksəriyyəti yol hərəkəti qaydalarından xəbərsizdir. Bir çoxları avtomobil yollarında piyada zolağı olmayan ərazilərdən, həm də qrup halında deyil, pərakəndə keçir. Piyadaların vurulması hadisələri də məhz piyada zolağı olmayan ərazilərdə baş verir.
Piyada işıqforun işarəsini əsas tutmalıdır. Nizamlanmayan keçidlərdə piyada yola yalnız yaxınlaşmaqda olan maşına qədər məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Piyada keçidi başa çatdıra bilmədikdə isə avtomobillərin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidir. Sutkanın qaranlıq vaxtı yolun qaranlıq yerlərində piyada baxıb görsə ki, hərəkətdə olan avtomobil yoxdur, bu zaman yolu keçə bilər. Özü də zolaqlı xətt olan yerlərdə.
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan piyadalara qarşı hansı cəza tədbirləri görülür?
– Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər yol hərəkət iştirakçılarına maneə yaradan piyadalar İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 20 manat məbləğinə qədər cərimə olunurlar. Hər bir vətəndaş – hərəkət iştirakçısı, sürücü, piyada hərəkətin intensiv olduğu küçələrdə, yol keçidlərində, yol ayırıclarında diqqətli olmalı, hüquq qaydasına əməl etməli, yol polisinin, qanunvericiliyin tələblərinə ehtiramla yanaşmalıdır.
Son olaraq sürücə və piyadalara tövsiyyələriniz?
– Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin etibarlı təminatında hər bir hərəkət iştirakçısının məsuliyyəti var. Bu məsuliyyət, o qədər həssas məqamdır ki, ictimai təhlükəsizliyin qorunmasında hər birimiz cavabdehlik daşıyırıq.
Əziz həmyerlilər, həyatımızda faciəyə və göz yaşına səbəb olan yol qəza hadisələrinin baş verməməsi üçün hamımız: piyadalar, sürücülər əlimizdən gələni əsirgəməyək.
Müşfiq Qərib
7times.az
Follow @7timesaz