Ölkə

2023-cü ildə Azərbaycanı nələr GÖZLƏYİR…

2023-cü ildə Azərbaycanı nələr GÖZLƏYİR…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadçı Eldəniz Əmirov 2023-cü illə bağlı bir sıra proqnozlar irəli sürüb. 

7Times.az xəbər verir ki, ekspertin fikrincə, ən çox suallar və ən “ağır” proqnoz 2023-cü ildə devalvasiya ilə bağlıdır. Onun sözlərinə görə, gələn il manatın məzənnəsinin qorunub saxlanması üçün imkan olacaq:

“Neft və qazın qiymətinin yüksək olması, müsbət ticarət saldosu, 55 milyard ətrafında valyuta ehtiyatı, dollara ölkədə getdikcə azalan təlabat, ölkədən xaricə valyuta çıxaran kanalların daraldılması, valyuta ehtiyatlarına nəzarətin gücləndirilməsi və digər məqamlar Azərbaycan hökumətinə imkan verir ki, 2023-ci ildə də devalivasiya qərarı verilməsin. Eyni zamanda 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasına görə manatın məzənnə stabilliyi qorunub saxlanılmalıdır. 2023-cü ilin büdcəsinin təhlili də bunu təsdiqləyir. Həm də hazırkı məqamda ölkədə makroiqtisadi tarazılığı qoruyub saxlamaq üçün manatın məzənnə stabitliyinə önəm vermək çox vacibdir. Neft qiymətlərində kəskin enişlər baş verməsə və bu enişlər aylarla davam etməsə, hökumət üçün manata olan təzyiqi qarşılamaq çətin olmayacaq”.

Gələn illə bağlı digər iqtisadi proqnozlar aşağıdakı kimidir:

• İnflyasiyanın 2023-cü ildə hökumətin proqnozlaşdırdığı 6.9%-lik göstəricidən yuxarı olması daha gözləniləndir.

• İnflyasiyanın proqnozdan yuxarı olması proqnoz edilən gəlirlərdən daha çox gömrük və vergi yığımlarının əldə edilməsinə imkan verəcək. Bu da büdcə gəlirlərinin artmasına, büdcə kəsirinin proqnoz ediləndən daha az olmasına şərait yaradacaq.

• Büdcədən maliyyələşən təşkilatlar arasında əmək haqqı artımı daha çox Elm və Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışanlarda gözlənilir. Bu sahədə işləyənlərin əməyinin qiymətləndirilməsi və restifikasiyası prosesindən keçənlərin əmək haqqında ciddi artımlar baş verəcək.

• Dövlət sektorunda çalışanların əmək haqqının ciddi həcmdə artırılması gözlənilən deyil. Çünki, 2023-cü ilin dövlət büdcəsində əməyin ödənilməsi üzrə xərclərin 8 milyard 480 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 5,2 faiz çoxdur.

• 2023-cü il dövlət büdcəsinin gəlirləri 31 milyard manatı keçməklə yeni rekord müəyyən edəcək. Düzdür, hazırda bu göstərici 30 milyard 774 milyon manat proqnoz edilsə də, neftin qiyməti büdcədə nəzərdə tutulduğu 50 dollarlıq həddən 70-80% daha baha olması daxil olan valyuta ehtiyatlarının proqnozlardan yuxarı olmasına səbəb olacaq. Böyük ehtimal ki, yayın sonuna doğru büdcəyə yenidən baxılacaq və gəlirlər artırılacaq.

• Pensiyaların orta illik əmək haqqı artımına uyğun indeksasiya edilməsi səhəsində 14-15-lik pensiya artımları gözlənilir. Bu qəbildən olan qərarların qəbulu üçün 2023-cü ilin dövlət büdcəsində sosial xərclərin 45,7 faizə çatması planlaşdırılır ki, bu da cari illə müqayisədə 1 milyard 300 milyon manat çoxdur.

• Ümumi Daxili Məhsulun real artım tempinin 2.5-2.6% ətrafında olması və orta aylıq əmək haqqının isə 900 manata çata bilməsi realdır.

• Taxılın ən yüksək qiyməti 2022-ci ildə geridə qalacaq. 2023-cü ildə hər hansı ciddi ərzaq çatışmazlığının olmayacağını düşünürəm.

• Ticarət dövriyyəsində ən çox artım dinamikasının Orta Asiya ölkələri ilə baş verəcəyini, Orta Asiya resurslarının Azərbaycan üzərindən nəqli üçün önəmli bir dövrün başlanğıcını gözləmək olar.

• Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft nəqlinə başlayacaq. Azərbaycanın qaz ixracı 24 milyard kubmetrə çatacaq. TAP vasitəsilə Avropaya qaz ixracı 11,6 milyard kubmetrə çatacaq.

• İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri gələn il əvvəlki iki illə müqayisədə daha da sürətləcək. Laçın hava limanının açılması gözlənilməsə də, nəqliyyat kommunikasiya işləri sürətləndiriləcək.

• Azərbaycanda iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsi, daha mütərəqqi qanunların qəbul edilməsi, sahibkarlığın dəstəklənməsi üçün münbit mühitin formalaşdırılması gözlənilir.

• Naxçıvanda yeni idarəçilik üsullarının əhatəsi və təsir dairəsi tam genişləndiriləcək. Orada insanlar üçün müstəqillikdən bəri müşahidə edilməyən yeni sosial və iqtisadi dövrün başlanılması gözlənilir. Ən əsası Naxçıvanla Azərbaycanın digər əraziləri inteqrasiya ediləcək və Naxçıvanda sahibkarlıq fəaliyyəti üçün yeni dönəm başlayacaq.

• 2023-cü ildə Ermənistanla sülh sazişinin imzalanma ehtimalı çoxdur. Rusiyanın müharibə uğursuzluğunun məntiqi sonluğu, Makronun hakimiyyətdən getməsi və ya mövqeyində dəyişmələr gələn il sülh sazişinin imzalanması üçün ən əlverişli şərait yarada bilər. Zəngəzur dəhlizinin açılması sülh sazişinin imzalanması ilə o qədər bağlıdır ki, ikinciyə imkan verən səbəblər birincini qaçılmaz edəcək.

• Prezidentin ərazilər üzrə xüsusi nümayəndəliklərinin sayının artırılması və ölkə üzrə idarəetmənin daha mütərəqqi formalarının genişləndirilməsi gözləniləndir.

• Korrupsiyaya qarşı mübarizənin gələn il də davam etdirilməsi və yeni xəbərlərin eşidilməsi istisna deyil.