Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlər davam etdirilir.
7times.az xəbər verir ki, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, alma ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb, eləcə də Agentliyin əməkdaşları tərəfindən təsərrüfatlarda monitorinqlər keçirilib.
Həyata keçirilən tədbirlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən və hazırda soyuducu anbarlarda məhsulu olan 37 alma istehsalı müəssisəsi haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiya Federasiyasının müvafiq qurumuna təqdim olunub. Aparılan danışıqlar nəticəsində 37 alma istehsalı müəssisəsinə Rusiya Federasiyasına ixrac üçün icazə verilib. Hazırda həmin müəssisələrin məhsul ixracında heç bir məhdudiyyət mövcud deyil və bu təsərrüfat sahibləri məhsullarının ixracını sərbəst şəkildə həyata keçirə bilirlər.
Qeyd edək ki, ixracına icazə verilmiş 37 alma istehsalı müəssisəsinin 2021-ci ildə ixrac proqnozu 88232 tondur ki, bu da 2020-ci ildə 67 alma istehsalı müəssisəsinin Rusiya Federasiyasına ixrac etdiyi 66924 ton alma məhsulunun 131.8 %-ni təşkil edir.
Agentlik alma istehsalı və ixracı ilə məşğul olan sahibkarların nəzərinə çatdırır ki, hazırda soyuducu anbarlarda alma məhsulu olan sahibkarlar ixrac icazəsi almaq üçün təsərrüfatlarına dair məlumatların Rusiyanın müvafiq qurumuna təqdim olunması məqsədilə Agentliyə müraciət etsinlər. Sahibkarlar bu barədə məlumatları təqdim etmək üçün Agentliyin 1003-Çağrı Mərkəzi və ya (012) 377-00-77 (daxili: 238) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Onu da qeyd edək ki, məhsul ixrac etmək istəyən alma istehsalı müəssisələri ixrac sertifikatlaşması prosesini həyata keçirmək üçün ixracdan üç gün əvvəl AQTA-nın regional bölmələrinə müraciət etməlidirlər.
Follow @7timesaz