Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur.
Belə ki, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 196 manatdan 205 manata, ehtiyac meyarının həddi isə 170 manatdan 200 manata qaldırıla bilər.
İqtisadçı ekspert Rəşad Həsənov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, ehtiyac meyarı ilə yaşayış minimumunun bir-birinə yaxınlaşdırılması müsbət hal kimi qiymətləndirilir:
“Əvvəlki ilə nəzər salsaq, bu iki göstərici arasında 15% fərq olduğunu görə bilərik. Hazırda ehtiyac meyarı 17%-ə yaxın artırılaraq 170 manatdan 200 manata çatdırılırsa, bu onu göstərir ki, yaşayış minimumu ilə araslındakı fərq də 5%-ə qəsədər azalacaq”.
Ekspert bildirir ki, ehtiyac meyarı ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsində istifadə olunan əsas indikatordur:
“Bəzi illərdə 200-250 min, bəzi illərdə isə 80-130 min ailənin gəlirlərinin formalaşmasına müəyyən qədər təsir göstərən faktordur. 2022-ci ildə bu rəqəmin hansı səviyyədə olacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir. Çünki bu, yoxsulluqla bağlı məsələdir”.
R. Həsənovun sözlərinə görə, fərd olaraq bu rəqəmin 350 min ətrafında olacağı ehtimal olunur: “Bu, o deməkdir ki, ehtiyac meyarının həcminin artırılnması 350-400 minə qədər insanın gəlirləri ilə bağlı vəziyyətin müsbətə doğru dəyişməsini şərtləndirə bilər”.
“Lakin burada yaşayış minimumu ilə bağlı eyni göstəricini demək olmaz. Çünki rəsmi rəqəmlərdə inflyasiya səviyyəsi 6% istiqamətində davam edir, yaşayış minimumunun 4,5% artırılması istiqamətində bir mövqe var”, – deyə ekspert əlavə edib.
Follow @7timesaz