Ölkə

500 evi heç 5 günə də satmaq olmaz – MİDA rəsmiləri cavab verməlidir!

500 evi heç 5 günə də satmaq olmaz – MİDA rəsmiləri cavab verməlidir!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) dünən həyata keçirdiyi güzəştli mənzillərin növbəti onlayn satışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

500 evin 5 saniyəyə satılması sadəcə absurd və qeyri-real adlandırılıb. Bu, ev sahibi olmaq istəyən aztəminatlı ailələrin ümidlərinin üstündən qara xətt çəkib. Ekspertlər sosial mənzil almaq üçün xüsusi kompüter bacarıqlarına sahib olan şəxslərin köməyindən istifadəni tövsiyə edirlər. Amma ev almaq istəyən adi fəhlə niyə əlavə olaraq, hansısa işbaza vəsait ödəməlidir?

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, MİDA bu narazılıqlara rəsmi cavab verməlidir:

“Çünki bu  evlər sosial evlərdir və ehtiyacı  olan şəxslərə satılmalıdır. 5 saniyə ərzində 500 evin satıldığı deyilir. 5 saniyə yox, 1 saat olsa da, o qədər evi satmaq mümkün deyil. Görünür ki, təmiz olmayan bəzi məsələlər var. Mütləq onlara aydınlıq gətirilməlidir. Bu, ictimaiyyət üçün çox maraqlıdır. Sosial şəbəkələrdə çox ciddi müzakirələr gedir. Mən də inanmıram ki, birdən-birə 500 evi 500 nəfərə satsınlar. Görünür burada şəffaf olmayan məsələlər var. İstənilən əmlakı satmaq üçün 5 saniyə yox, heç 5 gün də bəs etmir”.

Parlamentari MİDA-dan rəsmi cavab tələb edib:

“Rəsmilər  çıxsın, məsələyə aydınlıq gətirsin. Satış necə gedir, satış şəffaf olubmu, bu mənzillər kimə satılıb aydınlıq gətirsinlər. Bunlar açıqlanmalıdı. Bu onların şəxsi vəsaiti deyil, bu, dövlətin  vəsait qoyduğu əmlaklardır”.

Deputat mənzillərin qiymətinin yüksək olmasından da bəhs edib:

“Mənə sosial evlərin qiymətlərinin qeyri-münasib olması ilə bağlı mütəmadi olaraq müraciətlər daxil olur. Özüm də dəfələrlə bu məsələni qaldırmışam. Bu evlərin adı sosial ev qoyulubsa,  deməli qiymətlər güzəştli, əlçatan olmalıdır. Sosial evi hansısa maklerlər yox, ehtiyacı olan şəxslər almalıdır. Yenə deyirəm, sən əgər bunun adını sosial ev qoyursansa,  qiymətlərdə güzəştlər olmalıdır. Bu məsələnin həlli mütləqdir”.