Gündəm

Bəhram Bağırzadə üzr istəməlidir – Komitə sədrindən ETİRAZ

Bəhram Bağırzadə üzr istəməlidir – Komitə sədrindən ETİRAZbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Bəhram Bağırzadənin rayondan Bakıya gələn vətəndaşlarla bağlı səsləndirdiyi fikirlər xoş qarşılanmayıb. Tanınmış aktyorun rayondan gələnləri aşağılayan açıqlaması sosial şəbəkələrdə etiraz doğurub.

“Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsünüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”,- B.Bağırzadə tənqidlərə tuş gələn açıqlamasında bu fikirləri səsləndirib.

Mövzu ilə bağlı 7Times.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Bəhram Bağırzadənin çıxışı yolverilməzdir:

“Mən kəndçi-şəhərli mövzusunu gündəmə gətirib, qabartmağı yaxşı hal kimi qiymətləndirmirəm. Çünki bu mövzunun gündəmə gətirilməsi insanları qarşı-qarşıya qoymaq, insanlar arasında münasibətlərin pozulması deməkdir. Biz hamımız kəndçi də, şəhərli də ola bilərik. Əsas məsələ insanın intellekti, mədəniyyəti, səviyyəsidir. Bəhram Bağırzadə bir insan kimi mənə tanışdır və ona böyük hörmətim var. Təəssüflər olsun ki,  kəndçiləri bu fikirləri ilə sayğısız, mədəniyyətsiz və şəhər mühitinə alışmayan  insanlar kimi qiymətləndirir. Bu isə yolverilməzdir”.

Komitə sədrinin sözlərinə görə, kənddən və rayondan Bakıya gələn, uzunmüddət dövlət və millət üçün çalışan insanlar Bəhram Bağırzadənin bu sözlərindən çox narazıdırlar:

“Sosial şəbəkələrdə görürəm ki, hətta bir çoxları ona təhqiramiz mesajlar göndərirlər. Bunu da qəbul  etmirəm. Ancaq Bəhram Bağırzadə tanınan şəxs kimi belə bir mövzuya müraciət etməməli idi. Əvvəla restoranda oturanların şəhərli, ya kəndli olmasını o dəqiq deyə bilməz. Hamı orada oturub istirahət edir. Orada kimin səs eləməsi məlum deyil. Haradan bilirdi ki, həmin insan kənddən gəlib? Belə fikirlər səsləndirməmiş dönə-dönə fikirləşmək lazımdır. Digər tərəfdən bizim kənddən, rayondan şəhərə gəlib yaşayan, dövlətə böyük xidmətlər göstərən yazıçılarımız, alimlərimiz, böyük mütəfəkkirlərimiz var. Adamları belə qarşı-qarşıya qoymaq düzgün deyil. Ona görə də Bəhramı qınayıram. İnsanlar haqda belə fikirlər səsləndirəmək lüzumsuzdur”.

Milli Məclisin komitə sədri vurğulayıb ki, Bəhram Bağırzadə sözlərinə görə üzr istəməlidir:

“Bəhram Bağırzadə daim gənclər arasında olan və onların hörmətini qazanmış məşhur insandır. Ancaq onun bu cür fikirləri həm də gəncliyə sayğısızlıqdır. Bilavasitə hörmətsizlikdir. Bəhram alicənablıq göstərib insanlardan üzr istəməlidir. Düşünürəm ki, üzr istəsə, insanlar sakitləşər”.

7Times.az