Araşdırma

Rubik kubu dünyanı necə fəth etdi?

Rubik kubu dünyanı necə fəth etdi?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19 may Rubik kubunun doğum günü hesab olunur. Bu oyuncağın təqdimata ehtiyacı yoxdur, çünki bu günə qədər o, dünyada ən çox satılan oyuncaqlardan biridir. Məşhur tapmaca oyuncağının necə yaranmasından danışacağıq.

7Times.az Vesti.ru-ya istinadən sözügedən oyuncaqla bağlı maraqlı faktları diqqətə çatdırır.

Rubik kimdir?

Mövcud olduğu müddətdə bir çox beyinləri “sındıran” çoxrəngli kubu macar heykəltəraş və memarlıq professoru Erno Rubik icad edib. O, Budapeştdəki Tətbiqi İncəsənət və Sənətkarlıq Akademiyasında sənaye dizaynı və memarlıqdan dərs deyirdi. Rubik həndəsəni və üçölçülü obyektlərin modelləşdirilməsini də sevirdi. Onun fikrincə, bu, məkan təxəyyülü bacarıqlarını inkişaf etdirməyin ən yaxşı yoludur.

İndi ixtiraçının 78 yaşı var. Son illərdə o, video oyunlar inkişaf etdirir.

Rubik kubu necə icad etdi?

Ən məşhur tapmaca nisbətən yaxınlarda – 1974-cü ildə icad edilib. Baxmayaraq ki, çoxlarına məşhur oyuncağın yüz ildən çox yaşı olduğu görünür. Həmin illərdə Erno Rubik müəllim işləyir və riyazi qruplar nəzəriyyəsinin əsaslarını tələbələrə izah edə bilmədiyi problemlə üzləşir. Sonra beynində çox rəngli üzləri olan bir kub ideyası yarandı. O, modeli praktiki bələdçi kimi istifadə etməyi planlaşdırırdı.

Professorun vəzifəsi kubun ayrı-ayrı elementlərinin bütün strukturun konstruktiv vəhdətini pozmadan öz yerlərində sərbəst fırlanmasını təmin etmək idi. Sınaq və səhv vasitəsilə Rubik bunu bacardı…

Tapmacanı ilk dəfə həll etməyə çalışanlar ixtiraçının dostları və təbii ki, tələbələri oldu.

Patent və dünya şöhrəti

1975-ci ildə Rubik öz ixtirası üçün patent aldı. Lakin kubların ilk partiyaları yalnız iki ildən sonra istehsal olunmağa başladı. İlk istehsalçı Budapeştdə kiçik yerli şirkət idi. Miladdan əvvəl isə rəflərdə “Sehrli kub” yazısı olan rəngli bağlamalar peyda oldu.

1980-ci ildə Amerikanın böyük bir oyuncaq şirkəti çoxrəngli kubun istehsalı üçün lisenziya aldı. Məhz o zaman tapmaca indi bütün dünyada tanınan adını alaraq Rubik kubu oldu.

Rubik və onun tapmacası inanılmaz bir uğur idi. İxtiraçı ən yaxşı oyuncaq, ən yaxşı ixtiraya görə mükafatlar alıb və daha sonra Şərqi Avropa sosialist blokunun ilk qanuni milyonçusu olub.

Və kub dünyanı fəth etməyə davam etdi. O, Nyu-York Muzeyinin ekspozisiyasının bir hissəsi oldu və dünya nəşrlərindəki məqalələr ona, xüsusən də bu tapmacanın necə yığılacağına həsr olunmuşdu.

Rubik kubunu həll etmək asan məsələ deyil. Bu günə qədər insanların rəqiblərindən daha sürətli tapmacanın öhdəsindən gəlməyə çalışdığı xüsusi yarışlar təşkil edilir.

1982-ci ildə Budapeştdə Rubik kubu üzrə ilk dünya çempionatı keçirildi. Daha sonra 22,95 saniyə nəticə ilə Los-Ancelesdən olan tələbə qalib olub.

Yeri gəlmişkən, müasir turnirlərdə idmançılar çox çətin kateqoriyalar üzrə yarışırlar: bir əllə yığma, ayaqları ilə yığma, pərdə ilə yığma və s. Çinli Yuşenq Du 3,47 saniyə nəticə ilə sürət yığmasında dünya rekordçusu olub.

Maraqlı Faktlar

Təsəvvür edin, hətta Rubik özü də tapmacasının öhdəsindən dərhal gələ bilməyib. Kubun ilk dəfə yığılması onun üçün tam bir ay çəkdi.

İndi isə keçək “təsirli” rəqəmlərə. Klassik Rubik kubunda istənilən rəng birləşməsinə 20-dən az hərəkətlə nail olmaq olar. Standart bir oyuncaq modelində 43.252.003.274.489.856.000 mümkün dəyişdirmə var. Bütün mümkün konfiqurasiyalardan keçmək üçün sizə təxminən 1400 trilyon il lazım olacaq…

Yeganə