Cəmiyyət

Aqil Abbasın “Ədalət” dərsi – “Yaxşı oğlan” imici fiaskoya uğradı

Aqil Abbasın “Ədalət” dərsi – “Yaxşı oğlan” imici fiaskoya uğradıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzən baş verənlər fərqli mənzərə yaradır və bu mənzərələr fonundan həmin hadisələrə nəzər salmaq kifayətdir ki, nəyisə dərk edəsən. Dərk edəsən ki, hər bir hadisədə maraqlı tərəflər var və həmin adamlar yağışın yağmasından tutmuş, şimşəkin çaxmasına qədər “mız” qoya bilirlər. Bəzən çaylarda daşqın olmasından “faydalanan”, selin gəlişini sosial bəla kimi təqdim edən özündən razı bir dəstə adam müxtəlif təbiət hadisələrindən tutmuş, sosialyönlü problemlərə bəzən elə yanaşırlar ki, elə bilirsən bunu yazan xaricdə Azərbaycan əleyhinə təbliğat aparan başqa millətin nümayəndəsidir. Özlərini hamıdan çox vətənpərvər hesab edənlər hansısa bir hadisədə daim sadəcə “iz buraxmaq” niyyəti güdürlər.

Gədəbəy hadisələri də bir daha göstərdi ki, bu işdə “iz qoymaq” istəyən qüvvələr yetərincədir. Qüvvələr deyəndə əslində onlara qüvvə də demək olmaz. Sadəcə “bulanıq suda balıq tutmağa sevdalı” adamlar sanki ölkədə belə hadisələrin baş verməsindən həzz alır, könülləri xoş olur. Niyəsini demək çətindir. Amma görünən odur ki, yanan ocağı bir qədər də qızışdırmağa həvəsli görünən bir dəstə adamın məqsədi tamam başqadır. Bəzi mətbuat orqanları üçün Söyüdlüdə yaşanan hadisələr elə bil göydən düşmə olub. Millət vəkili Aqil Abbasın da bu kampaniyada rolu az deyil. Aqil Abbasın rəhbərlik etdiyi “Ədalət” qəzeti məsələyə daha “həssas” yanaşır və hadisələri fərqli rakursdan şərh edir. Sanki Aqil Abbasın “Ədalət”i ədalət dərsi keçir. Özündən “yaxşı oğlan” imici formalaşdırmaq arzusu baş qaldıran hər kəs Söyüdlü hadisələrində daha “ədalətli” olmağa çalışır. Aqil Abbas da dəstəsinə Söyüdlü məsələsində daha çevik olmağı tapşırıb və necə olursa-olsun həmin hadisələrin fonunda sosial məsələləri qaldırmağı tövsiyyə edib. Yoxsa “şef”dən xəbərsiz kimin həddidir ki, Ağcabədiyə dolunun yağmasında dövləti ittiham eləsin.Bu gün Gədəbəydə baş verənlərdə marqlı tərəflərin olması araşdırılır və yeni səs yazıları meydana çıxıb. Deməli, xarici kəşfiyyat orqanlarının yaratdığı bu münaqişə düşmənlərin planına uyğun həyata keçirilib. Son vaxtlar Qarabağ ermənilərinin Azərbaycanla birgə yaşayışdan imtina etməsini əsaslandırmaq üçün bu təxribat onlara lazım idi. İndi bu hadisələr ermənilər üçün göydəndüşmə olub. Bəli,hörmətli Aqil müəllim bu mövzunu qabardıb, öz dəstəsinə hadisələri törədənlər barədə yazı hazırlamağı tapşırmalıydı. Onlar da dövlət qurumlarını tənqid etmək əvəzinə Gədəbəy hadisələrini araşdırmaq üçün səy göstərərdilər. Səs yazılarına qulaq asardılar, Rusiyadan Gədəbəyə gələn adamlar haqqında məlumat toplayardılar. Onu da araşdırardılar ki, bəzi internet televiziyaları hadisənin baş verəcəyini əvvəlcədən necə müəyyən edib Söyüdlüyə getmişdilər.

Aydınlıq gətirməliydilər ki, təxribatlar zamanı nümayiş olunan plakatlar Söyüdlüdə necə peyda olub? Bəlkə həmin plakatları kənddəki nənələr, babalar özləri yazıb hazırlayıb?

Jurnalist həmkarlarını təhqir etməkdən belə çəkinməyən “ədalətçilər” onların ünvanına “əynindəkiləri cırıb başına keçirir” ifadəsi işlətməklə etika qaydalarını pozur. Bu sahədən yazan jurnalistləri də “trol” adlandırmaq peşəkarlığa yaraşmaz. Məsələyə başqa müstəvidən yanaşan “Ədalət”in yazarları guya siyasi gediş edərək hər cümlədə dövlətimizin başçısından sitat da gətirir. Doğuran da Cənab Prezident dəfələrlə “Azərbaycan sabitlik adasıdır, buradakı sabitliyi heç kəs poza bilməz. Hər şey dövlətin nəzarətindədir”, – deyib.

Amma bəzən xarici kəşfiyyat orqanları daxilə sızmağı bacarır və Gədəbəy kimi həssas yeri münaqişə ocağına çevirir. O yeri seçir ki, heç kəs orada təxribatın olacağını ağlına belə gətirmir.

Deməli, onların niyyəti qismən baş tutdu, amma istədikləri nəticəni əldə edə bilmədilər. Bu həssas məqamda Aqil Abbas daha diqqətli olmalı idi. Yoxsa qolunu çırmalayıb özünü radikal, dağıdıcı mövqedə göstərməyə çalışmamalıydı. Aqil bəy, əgər siz də Qənimət Zahid kimi düşünürsünüzsə, deyin bilək. “Ədalət” isə “Azadlıq” qəzetidirsə, deməli, burada başqa məqamlar axtarmalıyıq. O məqamları ki, müəyyən qüvvələr hər bir qarışıq hadisədən dərhal yararlanmaq istəyir. Xətrinizə dəysə də, deyəcəyik, sizin hansı maraqlarınız var ki, yararlanmaq üçün radikallığı seçirsiniz? Xahiş edirəm, bizə məmur-vətəndaş münasibətlərindən moizə oxumayın. Problemləri göstərməyin də bir qaydası var. Dövləti gözdən salmaq üçün az vay-şüvən edin!