“Ermənistan və Azərbaycan regionda qoşunların təmas xətti boyunca yerləşdirməyə davam etdiyi üçün Cənubi Qafqaz regionunda vəziyyət sürətlə pisləşir”.
KONKRET.az xəbər verir ki, bu barədə İranın Mehr xəbər agentliyi yazır.
Agentlik regionda gedən prosesləri şərh edərkən vurğulayıb ki, “İran vəziyyəti diqqətlə izləyir və öz qapısında heç bir geosiyasi dəyişikliyə dözməyəcəyini açıq şəkildə bildirib”.
Məqalədə daha sonra vurğulanır: “Son bir neçə gün ərzində Bakı və İrəvan bir-birini yeni böyük hərbi eskalasiyaya cəhd etməkdə ittiham edib. Sosial mediada yayılan videolar və fotolar göstərir ki, hər iki ölkə sərhəd boyu öz qoşunlarına əlavə qüvvələr yerləşdirdiyi üçün bu iddialar reallığa söykənə bilər.
Paralel olaraq, Bakı və İrəvan liderləri gərginliyin ciddi şəkildə artacağını açıq şəkildə gözlədikləri üçün regional və beynəlxalq səviyyədə ayrı-ayrı diplomatik görüşlərə başlayıb.
İran isə hadisələrin gedişatını diqqətlə izləyir”.
İran KİV-ləri Rəsmi Tehranın hərbi nümayəndə heyətinin Bakıda Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşünü də qeyd ediblər.
Fars News xəbər verir ki, hər iki tərəf regionda təhlükəsizlik məsələlərini müzakirə edib:
“Görüşün vaxtı onu deməyə əsas verir ki, İran nümayəndə heyəti Bakı ilə İrəvan arasında yeni eskalasiya perspektivi ilə ciddi narahatdır”.
“İran diplomatik vasitələrlə Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin əldə edilməsinə kömək təklif edib. Amma rəsmi Tehran regionda yeni geosiyasi reallıqları diktə etmək üçün hər hansı güc tətbiqi ilə razılaşa bilməz. Görünən odur ki, Bakı və İrəvan İranın çağırışlarına məhəl qoymur”, – İran mediası yazır.
Follow @7timesaz