Azərbaycan fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra başladığı yardım kampaniyasını davam etdirir.
7Times.az “TRT Haber”ə istinadən xəbər verir ki, Azərbaycan Kahramanmaraşda zəlzələdən zərərçəkənlərə 175 kondisioner, 1500 qızdırıcı, 1000 elektrik sobası və 6 200 yorğan və ədyaldan ibarət yardım materialı göndərib.
Azərbaycan Diaspora Komitəsi Dəstək Fondunun hazırladığı 18 tonluq yardımı daşıyan yük maşınları paytaxt Bakıdan yola düşüb. Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı yardım materialları göndərilməzdən əvvəl verdiyi açıqlamada fevralın 6-da baş verən zəlzələlərdən sonra “Bir millət, iki dövlət” anlayışına uyğun olaraq iki ölkənin bir ürək olduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və onların komandasına təşəkkür edən Bağcı: “Malatyaya 2 min tondan çox humanitar yardım, 500-dən çox yük maşını və 25 vaqondan ibarət bir qatar yardım çatdırıldı”, – deyib.
“Azərbaycandan Türkiyəyə 2 minə yaxın çadır, 200-ə yaxın konteyner göndərilib. Daha sonra iş adamları, qeyri-hökumət təşkilatları dəfələrlə zəlzələdən zərərçəkənlərə dəstək olublar”, – Bağcı vurğulayıb.
Kahramanmaraşda Azərbaycan küçəsinə yaxın ərazidə MİDA tərəfindən Azərbaycan məhəlləsinin yaradıldığını söyləyən Bağcı: “Keçən ay Ankarada 100 milyon dollarlıq qrant müqaviləsi imzalanıb. Bu sənəd Türkiyə Böyük Millət Məclisi və Azərbaycan Milli Məclisi tərəfindən təsdiqlənərək qüvvəyə minib. Bu yaxınlarda ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki müvafiq məlumatı Azərbaycanın Baş naziri və Milli Məclisin Sədrinə göndərib. Layihə təsdiqlənib. Yer müəyyən edilib. Layihə tezliklə həyata keçiriləcək. Azərbaycan Məhəlləsi layihəsi çərçivəsində Kahramanmaraşda 1000 ev, park, məktəb və bir çox sosial obyekt, o cümlədən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi yaradılacaq”, – deyə əlavə edib.
Azərbaycan Diaspor Komitəsinin sədr müavini Valeh Hacıyev Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra bütün Azərbaycanın yardıma səfərbər olduğunu bildirərək: “Daha əvvəl də Kahramanmaraş və Hataya yardım göndərmişdik. Bu dəfə də yardımları qardaşlarımıza çatdırmağı hədəflədik və soyuq qış aylarında çadırlarda qalan qardaş-bacılarımıza kondisioner, qızdırıcılar, qış yorğanları və ədyallar göndəririk”, – deyə qeyd edib.
Follow @7timesaz