İlk dəfə olaraq. Azərbaycanın cənub bölgəsində yüksək uzunömürlülük indeksi ilə seçilən bölgələrindən biri kimi Lənkəran rayonunda yaşayan uzunömürlülərlə yanaşı onların yaxın qohumlarında baş-beynin funksional fəallığı tədqiq edilib.
7times.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
Onun sözlərinə görə, uzunömürlülər diyarı kimi tanınan Azərbaycan dünyanın nadir regionlarından biridir ki, burada uzunömürlülük populyasiya səviyyəsində müşahidə olunur. Belə insan resurslarının mövcudluğu ölkəmizdə müasir beynəlxalq praktikaya əsaslanan herontoloji tədqiqatların aparılmasına geniş imkanlar açır.
U.Həşimova qeyd edib ki, cənub bölgəsində aparılan tədqiqatların nəticələrinə əsasən, eyni ekoloji şəraitdə yaşayan və nəslində uzunömürlü olmayan kontrol qrupla müqayisədə uzunömürlülərin yaxın qohumlarında beynin aktivlik səviyyəsinin yüksək olduğu üzə çıxıb. Uzunömürlülərin yaxın qohumlarında ürək-qan damar sistemınin patoloji dəyişiklikləri də kontrol qrup nümayəndələrinə nisbətən az rast gəlinir:
“Bu nəticələr uzunömürlü xəttindən olan insanların sonrakı yaş dövrlərində adaptiv-kompensator resursların cəlb edilməsi ilə uzunömürlülük üçün real potensialın yaranması fərziyyəsini irəli sürməyə və uzunömürlülüyün proqnostik göstəricilərinin müəyyən edilməsi baxımından növbəti tədqiqatların perspektivliyinə əsas verir”.
Follow @7timesaz