Ölkə

Ümumdünya Şəhərsalma Forumu Azərbaycana nə vəd edir? – Millət vəkillərinin ŞƏRHİ

Ümumdünya Şəhərsalma Forumu Azərbaycana nə vəd edir? – Millət vəkillərinin ŞƏRHİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Davamlı inkişaf tempinə görə dünyanın əksər lider dövlətləri ilə yanaşı addımlayan Azərbaycan son 20 ildə bir sıra qlobal səviyyəli tədbirlərə ev sahibliyi etməklə, siyasi, iqtisadi və mədəni mərkəzə çevrilib. Şübhəsiz ki, bunu təmin edən başlıca strateji faktor dövlətimizin başçısı cənab İlham Əliyevin iradəsi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursudur. Azərbaycanın yürütdüyü tarazlaşdırılmış siyasi xətt beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməklə dövlətimizə qarşı etimadı daha da artırıb. Habelə xeyli müddətdir bir-birindən mötəbər tədbirləri təşkil etməsi ölkəmizin dünyada sülhə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verməsinin növbəti təsdiqidir.

Bütün bunların məntiqi nəticəsidir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) da bu ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulub. Konvensiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab olunan bütün müdaxilələrin qarşısını almaqdır. Konfrans çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Azərbaycanın belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsi sözsüz ki, ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaq.

Hər iki ildən bir şəhərsalma sahəsində ən genişmiqyaslı iştirakçılığa malik dünya şəhərlərindən birində baş tutan və aparıcı mütəxəssisləri bir araya toplayan daha bir qlobal platformanın – Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü Sessiyasının 2026-cı ildə Bakıda keçirilməsinin BMT tərəfindən elan edilməsi də ölkəmizin dünyada artan nüfuzu fonunda yüksək dəyərləndirilməlidir. Belə bir mötəbər tədbirin Azərbaycana həvalə edilməsinə öncə BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında qərar verilib. Bununla bağlı Saziş isə 2023-cü il dekabrın 22-də Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) icraçı direktoru Maimunah Mohd Şərif arasında imzalanıb.

Şübhəsiz ki, bu mühüm platformanın paytaxtımızda gerçəkləşdirilməsi ilə əlaqədar verilən qərar Azərbaycanda şəhərsalma sahəsində uğurların qlobal səviyyədə yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir. Belə ki, son illər ərzində paytaxtımızda və bölgələrdə şəhərsalma istiqamətində ən qabaqcıl müasir standartlar tətbiq edilməklə görülən işlər, həyata keçirilən irimiqyaslı layihələr sosial-iqtisadi inkişafa güclü təkan verib, ölkəmizi bu sahədə dünyanın qabaqcılları sırasına çıxarıb. Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən planlı və sürətli tikinti-quruculuq işlərini də nəzərə alsaq, WUF-un Azərbaycanın öz nailiyyətlərini və şəhərsalma ilə bağlı qabaqcıl təcrübəsini nümayiş etdirmək baxımından vacibliyi də xüsusi vurğulanmalıdır. Məlumat üçün bildirək ki, buna qədər, yəni 2022-ci ildən etibarən Azərbaycanda Milli Şəhərsalma Forumunun keçirilməsinə başlanılıb və bu təşəbbüs də müasir şəhərsalma siyasətinin öyrənilməsi və yerli təcrübənin xarici mütəxəssislərlə bölüşdürülməsi baxımından ilkin zəmin rolunu oynayır.

2026-cı ildə Bakıda reallaşdırılacaq Ümumdünya Şəhərsalma Forumuna gəldikdə isə artıq tərəflər arasında imzalanan “Ev Sahibi Ölkəyə dair Saziş” Milli Məclisin sonuncu iclasında müzakirəyə çıxarılaraq təsdiq edilib.

KONKRET.az Forumun əhəmiyyəti ilə bağlı millət vəkilərinin fikirlərini öyrənib.

MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib ki, belə bir qlobal xarakterli tədbirin ölkəmizdə keçirilməsi qərarına Azərbaycan ardıcıl və məqsədyönlü addımlarla nail olub.

    Sahib Alıyev

“Ağdamda və Zəngilanda keçirilən Milli Şəhərsalma Forumları, Bakıdakı Ümumdünya Məskunlaşma Günü burada az rol oynamadı. Xatırladım ki, Ağdamda keçirilən Milli Şəhərsalma Forumuna 44 xarici ölkədən 130-dan çox, Zəngilandakında isə 54 ölkədən 400 təmsilçi qatılmışdı. Onlar bir tərəfdən Azərbaycanın dünya şəhərsalma mədəniyyətinə gətirdiyi yenilik, verdiyi töhfələrlə tanış oldularsa, digər tərəfdən Ermənistanın Ağdam və Zəngilan da daxil olmaqla işğal etdiyi ərazilərdə törətdikləri urbisid, kultursid və ekosidi öz gözləri ilə gördülər”.

Sahib Alıyev Forumu ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından da vacib hesab edib: “Baxın, 2022-ci ildə Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumuna 20 mindən çox mütəxəssis qatılmışdı. Burada qabaqcıl təcrübə mübadiləsini və digər məsələləri bir qırağa qoysaq, bir o qədər adamın 2026-cı ildə Azərbaycana gəlişi ölkəmizin və bizə düşmən kəsilənlərin tanıdılması baxımından, bilirsiniz, nə dərəcədə önəmlidir?! Həm də burada söhbət təkcə Ermənistandan getmir, onu öz sivilizasiyasından sayanlardan, vandallıqlarına göz yumanlardan gedir. Yəni erməni vəhşilikləri Foruma qatılanlara göstəriləcəksə, faktlar bu cinayətlərə göz yumanların da gözlərinə soxulacaq. Fransanın, eləcə də bəzi beynəlxalq qurumların ölkəmizə qarşı ikili standartlardan çıxış edərək ədalətsiz davranmaları bir daha üzə çıxacaq. Qısası, hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatını, bu yöndə qabaqcıl təcrübəni təşviq edən qlobal platforma rolunu oynayan bir Forumun ölkəmizdə keçirilməsi həm siyasi, həm də praktik baxımdan bizim üçün yetərincə önəmli bir məsələdir”.

Deputat Cavanşir Feyziyev də belə bir Forumun Azərbaycanda keçirilməsini mühüm hadisə adlandırıb:

   Cavanşir Feyziyev

“WUF təsis olunduğu ildən dünyanın aparıcı şəhərləri bu tədbirə ev sahibliyi etmək üçün yarışır. Bakı da bu müsabiqəyə qoşularaq, 2026-cı ildə tədbiri həyata keçirmək hüququ əldə edib. Dünyamiqyaslı belə bir Forumun ölkəmizdə keçirilməsi bizim üçün çox əhəmiyyətlidir. Bu, ilk növbədə, Azərbaycanın şəhərsalma və məskunlaşdırma fəaliyyətində müasir standartlara əsaslandığının göstəricisidir. Bununla bağlı Azərbaycanın dünyaya təqdim etmək üçün kifayət qədər nailiyyətləri var. Son 20 ildə Bakıda müasir texnologiyalar əsasında aparılan tikinti işləri, ən başlıcası isə işğaldan azad olunmuş bölgələrimizdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında geniş vüsət alan abadlıq-quruculuq işləri şəhərsalma fəaliyyəti ilə məşğul olan beynəlxalq qurumlar üçün olduqca maraqlıdır. Forumda dünyanın çoxsaylı ölkələrindən mütəxəssislər iştirak edəcək və şəhərsalma fəaliyyəti ilə bağlı yeni konsepsiyalar müzakirə olunacaq. Odur ki, bizim mütəxəssislər üçün də bu tədbir böyük maraq kəsb edir”.

C.Feyziyevin fikrincə, tədbir siyasi-diplomatik cəhətdən də böyük mahiyyət daşıyır: “Belə ki, bəzi Avropa siyasətçilərinin ölkəmizi beynəlxalq aləmdən təcrid etməyə çağırdığı bir zamanda BMT ilə Azərbaycan arasında belə bir Sazişin imzalanması və nəticədə ölkəmizin qlobal əməkdaşlıq sferasının daha da genişlənməsi bu cür çağırışlara ən tutarlı cavabdır. Bu baxımdan 13-cü Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsini xarici siyasət və diplomatiya sahəsində də böyük uğur hesab etmək olar”.

Xatırladaq ki, WUF 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünyanın üzləşdiyi ən aktual problemlərdən biri olan sürətli urbanizasiya və onun şəhərlərə, iqtisadiyyatlara və iqlim dəyişikliyinə təsirini tənzimləmək məqsədilə təsis olunub. Forum çərçivəsində baş tutan sessiyalarda urbanizasiyanın bütün aspektləri ilə məşğul olan minlərlə iştirakçı şəhərlərin necə qurulduğu, planlaşdırıldığı və idarə edildiyi barədə təcrübə və biliklərini bölüşmək imkanı qazanır.

2026-cı ildə Bakıda baş tutacaq 13-cü Sessiya isə Cənubi Qafqazda ən böyük tədbirlərdən birinə çevriləcək. Tədbir maraqlı tərəflər, o cümlədən dövlət rəsmiləri, QHT nümayəndələri, şəhərsalma mütəxəssisləri və ekspertlər, həmçinin özəl sektor nümayəndələri arasında fikir və təcrübə mübadiləsi üçün unikal imkan yaradacaq.