Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib.
DİN-dən 7Times.az -a bildirilib ki, tədbirlərlə müxtəlif ölkələrin vətəndaşı olan ümumilikdə 21 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıb.
Araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə, xüsusən də Polşaya keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.
Xarici ölkə vətəndaşlarına qarşı dələduzluq etməkdə şübhəli bilinən E.Camalov barəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən 2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 102 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.