Dünya

Putun hərbçiləri cəzalandırır  Briqada komandiri Xarkov uğursuzluğuna görə həbs edilib

Putun hərbçiləri cəzalandırır – Briqada komandiri Xarkov uğursuzluğuna görə həbs edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Rusiya ordusunun Xarkov əməliyyatı Kremlin gözlədiyi nəticələri vermədi və onun ilk mərhələsində ciddi müqavimət olmadığı üçün müəyyən irliləyiş olsa da, sonradan qoşun hissələri dayanmalı, böyük itkilər verməli, bəzi hissələrdə hətta geri çəklməli oldular. Bu da Kremlin hərbçilərə qarşı qəzəbinə səbəb olub.

7Times.az  xarici KİV-ə istinadla xəbər verir ki, Vladimir Putinin göstərişi ilə Xarkov istiqamətindəki əməliyyatlara rəhbərlik edən bəzi yüksək rütbəli hərbçilərin cəzalandırılmasına başlanıb. Amerikanın Müharibə Araşdırmaları İnstitutu(ISW) son hesabatında belə həbslərdən birinə xüsusi yer ayırıb.

Söhbət müharibənin əvvəlində Ukraynanın Buça şəhərindəki vəhşiliklərdə, qətliamlarda iştirak edən 234-cü hava desant-hücum alayının komandiri olmuş Artyom Qorodilovdan gedir. Son zamanlar o, Xarkov istiqamətində döyüşən 83-cü Əlahiddə Qvardiya Hava-Desant Hücum Briqadasının Komandiri olub.

Xəbərdə qeyd olunur ki, rəsmən Qorodilov xüsusilə böyük miqyasda dələduzluqda şübhəli bilinir. Lakin həbsin gerçək səbəbi Xarkov əməliyyatı zamanı yaşanan uğursuzluq və elit birləşmələrin böyük sayda canlı qüvvə və texnika itkisidir. Uğursuzluğu ictimai müstəvidə qabartmamaq üçün ortaya dələduzluq ittihamı atılıb.

Rusiya FSB-sinin hərbi əks-kəşfiyyat qurumu Qorodilovu xüsusilə böyük miqyasda dələduzluqda şübhəli bilərək saxlayıb. Həbs Ryazanda keçirilib, bundan sonra Qorodilov Moskvaya aparılıb və işi araşdıran Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə təhvil verilib. Cinayət işində Qorodilov hava-desant hücumu alayının komandiri kimi ittiham olunur. Onun hansı oğurluqda və hansı məbləğdə dələduzluqda ittiham edildiyi məlum deyil.

ISW-nin hesabatında deyilir ki, Rusiya ali komandanlığı ona briqada komandiri kimi xüsusi gücləndirilmiş vəzifələr verib. Qeyd olunur ki, Putin və Rusiya ali hərbi komandanlığı Qorodilovu “kobud səriştəsizliyi, hərbi məqsədlərə çata bilməyən və Xarkov istiqamətində xeyli sayda “elitar” rus hərbçisinin ölümünə səbəb olan fəaliyyətinə görə cəzalandırıb”.

Analitiklər onu da xatırladıblar ki, Rusiya hakimiyyət orqanları bu yaxınlarda Rusiya Müdafiə Nazirliyinin (MN) bir sıra məmurlarını və yüksək rütbəli hərbiçilərini vəzifələrinə heç bir aidiyyatı olmayan cinayət ittihamları ilə həbs edib.

Qorodilovun “qəhrəmanlığına “ gəlincə, “The New York Times”-ın araşdırmasına görə, Ukraynaya genişmiqyaslı işğaldan sonra onun rəhbərlik etdiyi alay Kiyev yaxınlığındakı Buça şəhərində yerləşdirilib. Xüsusilə də şəhərin Yablonskaya küçəsində mülki şəxslərin qətlində onun rəhbərlik etdiyi hərbçilər xüsusi seçiliblər. “Uran” çağırış nişanı olan Qorodilova qarşı 2023-cü ildə ABŞ sanksiyalar tətbiq edib. İndi isə belə görünür ki, Putin bu “qəhrəmanlıqlarına” görə onu “mükafatlandırmaq” qərarna gəlib.

“AzPolitika”