Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib. O, bildirib ki, dekabrın 1-dən həftəiçi hər gün saat 21:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan olunacaq. Həftəsonu bu məhdudiyyət cümə axşamı saat 21:00-dan bazar ertəsi saat 05:00-a qədər davam edəcək. Ticarət mərkəzlərinə koronavirus testindən keçmiş şəxslər buraxılacaq. Evlərdə isə xüsusi tədbirlərin keçirilməsi qadağası qüvvədə qalır. Evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, 20 və bundan aşağı yaşda olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.
7times.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, koronavirus infeksiyası dünyada tüğyan etməkdədir:
“Böyük ölkələr bu virus qarşısında aciz durumdadır. İnkişaf etmiş Avropa ölkələri yenidən qadağaların tətbiqini aktuallaşdırıb. Məsələn, Almaniyada 3 nəfərdən artıq insanın bir evdə toplaşması, bir masa arxasında əyləşməsi qadağan olunub, kafe və restoranlarda fəaliyyət məhdudlaşdırılıb. Qardaş Türkiyədə insanların çölə çıxmasına qadağa qoyulur. Azərbaycanda da koronavirusun yayılması ilə bağlı mənzərə heç də ürəkaçan deyil. Gündəlik aparılan testlərin sayı artdıqca yoluxmaların sayında kəskin artımın olduğunu müşahidə edirik. Koronavirus xəstələrinin müalicəsi üçün ayrılmış palata yerlərinin də dolduğunu görürük. Daha çox yoluxma sürəti olan bir neçə inzibati rayonda sərt karantin tətbirləri tətbiq olunub və davam etməkdədir”.
Deputat qeyd edib ki, əgər yoluxma sürəti daha da artarsa, koronavirusa qarşı mübarizə tədbirlərinin bütün ölkə ərazisində sərtləşdirilməli olacaq:
“Bu, “SMS icazə” siteminin tətbiqi, 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa və s. ola bilər. Tətbiq olunacaq bütün məhdudiyyətlər Operativ Qərargah tərəfindən gündəlik dinamikanı təhlil edərək müəyyənləşdirilir. Biz isə ölkə üzrə uzunmüddətli sərt karantin rejiminin tətbiq olunmaması üçün həmrəylik göstərməliyik, özümüzü məsuliyyətli aparmaqla qaydalara riayət etməlik. Bu, hər yerdə hamı tərəfdən tibbi maskanın düzgün taxılması, sosial məsafənin gözlənilməsi və şəxsi gigiyenik qaydalara əməl olunmasıdır. Gəlin həmrəy olaq! Biz birlikdə güclüyük!”
Follow @7timesaz