Ölkə

Qəbul imtahanlarında bunlar dəyişəcək

Qəbul imtahanlarında bunlar dəyişəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin sonunda 2025-ci ildə keçiriləcək buraxılış imtahanlarının vaxtı açıqlanacaq. Bəzi ekspertlər gələn ilin buraxılış imtahanlarında bir sıra dəyişikliklərin olacağını düşünür.

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva məsələ ilə bağlı danışıb. O, 11-ci siniflərin buraxılış imtahanlarında xarici dil fənləri üzrə imtahan modelində heç bir dəyişiklik edilməyəcəyini bildirib: “Ötən il hansı model tətbiq olunubsa, yenə də həmin model tətbiq olunacaq”.

Şöbə müdirinin sözlərinə görə, 9-cu siniflərin buraxılış imtahanında oxuyub-anlama, tətbiqetmə bacarıqlarını yoxlamaq məqsədilə 4 mətn istifadə olunacaq. “Bu, yeniliklərdən biridir, burada 3 mətn kiçik olacaq ki, cəmi 1-2 cümlədən ibarət olacaq. Həmin mətnlərin hər biri üzrə bir qapalı suala cavab vermək tələb olunacaq. Bunlardan əlavə, bir qədər böyük mətn də var ki, o da oxuyub-anlama və tətbiqetmə bacarıqlarını yoxlamaq üçündür”, – o, İTV-yə açıqlamasında qeyd edib.

“Xarici dil imtahanı üzrə 26 sual olacaq ki, sonuncusu şəkil təsviri ilə bağlı olacaq. Burada məzmun etibarilə bir-birini tamamlaması tələb olunan 3 ardıcıl şəkil verilir. Həmin sualda da 35 sözdən ibarət qısa esse yazılması tələb edilir. Bunun da qiymətləndirilməsi isə fərqlidir”, – A.Batıyeva əlavə edib.

Bəs ekspertlər qəbul imtahanlarına ediləcək yenilikləri necə dəyərləndirir?

Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib ki, “Təhsil haqqında”  və “Ümumtəhsil haqqında” qanunlarda tam orta təhsilin əsas məqsədlərindən biri olaraq məzunların bir və ya bir neçə xarici dildə ünsiyyət qurmaq bacarığına malik olması göstərilir: “2024-cü ildən etibarən 9-cu siniflərdə, yəni ümumi orta təhsil səviyyəsində tətbiq edilən bu yenilik 2027-ci ildə tam orta təhsil səviyyəsində, yəni 11-ci sinif buraxılışlarında da tətbiq olunacaq. Hazırda ümumtəhsil məktəblərində tədris planı üzrə ən çox dərs saatı ayrılan fənlərdən biri xarici dildir. Qanunvericiliyə əsasən, ölkədə altı xarici dil tədris edilə bilər: ingilis dili, fransız dili, alman dili, rus dili, ərəb dili və fars dili. Bununla belə, ən çox tədris olunan xarici dillər ingilis və rus dilləridir. Fransız, alman, ərəb və fars dilləri isə yalnız az sayda məktəbdə tədris olunur. Lakin təəssüf ki, ümumtəhsil məktəblərində şagirdlərin xarici dil bacarıqlarının inkişafı zəifdir. Bunun əsas səbəblərindən biri bir çox müəllimin yetərli ünsiyyət bacarıqlarına malik olmamasıdır. Müəllimlərin xarici dil üzrə qrammatik bilikləri ilə yanaşı, ünsiyyət bacarıqlarına da malik olması vacibdir. Tətbiq edilən yeniliklər məhz bu bacarıqların yoxlanmasını və təkmilləşdirilməsini hədəfləyir. Düzgün istiqamət seçilsə də, bu qərarın bir qədər gecikmiş olduğunu söyləmək mümkündür. Buna baxmayaraq, bu, tam doğru və əsaslandırılmış addımdır. Növbəti illərdə prosesin daha da sərtləşdirilməsi və tələblərin genişləndirilməsi vacibdir. Bu, xarici dil tədrisinin keyfiyyətini artırmaq baxımından əhəmiyyətlidir”.

“Yeni Müsavat”a danışan Kamran Əsədov da deyir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) 2024-cü ilin buraxılış imtahanlarında tətbiq edəcəyi yeniliklər təhsil sisteminin keyfiyyətini artırmağa və şagirdlərin biliyini daha dəqiq qiymətləndirməyə yönəlib: “Bu yeniliklər xüsusilə 9-cu siniflərin buraxılış imtahanlarında özünü göstərir. Yeni imtahan modeli oxuyub-anlama və tətbiqetmə bacarıqlarını daha əhatəli şəkildə yoxlamağa imkan verəcək. Eyni zamanda 11-ci siniflər üçün xarici dil üzrə imtahan modelində heç bir dəyişiklik edilməməsi sabitlik prinsipi ilə izah olunur. Lakin bu yeniliklərin həm müsbət, həm də mənfi tərəfləri var və onların hər biri ayrı-ayrılıqda nəzərdən keçirilməlidir.

DİM-in təqdim etdiyi məlumatlara əsasən, 9-cu siniflərin imtahanlarında tətbiq ediləcək yeni model şagirdlərin məntiqi düşüncə qabiliyyətini, analitik yanaşma bacarığını və mətni dərk etmə səviyyəsini ölçməyə yönəlib. Yeni modelə görə, şagirdlər 4 fərqli mətnlə qarşılaşacaq. Bu mətnlərdən 3-ü kiçik həcmli, cəmi 1-2 cümlədən ibarət olacaq. Hər bir kiçik mətnə əsasən bir qapalı sual təqdim ediləcək. Dördüncü mətn isə daha böyük həcmli olub, şagirdlərin oxuyub-anlama və məlumatı tətbiqetmə bacarıqlarını yoxlamağa xidmət edəcək. Belə bir yanaşma mətn əsaslı öyrənmənin əhəmiyyətini ön plana çəkir”.

Ekspertin fikrincə, məsələnin müsbət tərəflərindən biri odur ki, bu dəyişikliklər tədris prosesində oxuyub-anlama və məzmunu tətbiqetmə bacarıqlarına diqqəti artıracaq: “Şagirdlər mətnlərdən yalnız məlumat almayacaq, həm də həmin məlumatı analiz etmək, tətbiq etmək və uyğun nəticələr çıxarmaq qabiliyyətlərini inkişaf etdirəcəklər. Təhsildə uzun müddət əsas problem kimi göstərilən mexaniki əzbərləməyə söykənən yanaşma bu cür imtahan modelləri ilə azaldıla bilər. Şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək və oxuyub-dərk etmə qabiliyyətlərini daha dəqiq ölçmək üçün bu yeniliklər mühüm addımdır. Məktəblərdə də müəllimlər bu istiqamətdə tədris metodlarını yeniləyə bilərlər.

Bununla belə, bəzi mənfi məqamlar da nəzərə alınmalıdır. Yeniliklər hər zaman müəyyən adaptasiya çətinlikləri yarada bilər. Şagirdlər və müəllimlər yeni modelə uyğunlaşmaq üçün əlavə vaxt və resurslara ehtiyac duyacaqlar. Dörd mətnli imtahan formatı şagirdlərin vaxtı səmərəli idarə etməsini tələb edir və bu, xüsusən vaxtla bağlı çətinliklər yaşayan şagirdlər üçün əlavə təzyiq yarada bilər. Kiçik mətnlər üzrə verilən sualların sayı məhdud olduğundan şagirdlərin əhatəli bilik səviyyəsini tam şəkildə əks etdirməyə bilər. DİM və Təhsil Nazirliyi bu modelə keçidi dəstəkləmək üçün yeni təlim materialları və metodik göstərişlər hazırlamalıdır”.

Kamran Əsədov hesab edir ki, imtahan modellərində dəyişikliklər valideynlər tərəfindən də birmənalı qarşılanmaya bilər: “Əgər yeniliklər barədə geniş izahat və maarifləndirmə işi aparılmasa, valideynlər bu modellərin faydalılığını tam anlamaya bilər və əlavə narahatlıq yarana bilər.

Ümumilikdə, 2024-cü ilin buraxılış imtahanlarında planlaşdırılan yeniliklər müasir təhsil tələblərinə cavab verir və şagirdlərin daha çox tətbiqetmə və analitik düşüncə bacarıqlarını ölçməyə yönəlib. Bu dəyişikliklər Azərbaycan təhsilinin qiymətləndirmə sisteminin təkmilləşdirilməsinə müsbət təsir göstərə bilər “.