Cəmiyyət

“İki gündən artıq saxlanmış yaxmanın nəticəsi şübhəlidir” – Ekspertdən VACİB AÇIQLAMA

“İki gündən artıq saxlanmış yaxmanın nəticəsi şübhəlidir” – Ekspertdən VACİB AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yoluxma sayının artmasına səbəb laboratoriyalarda test cavablarının gecikməsidir. Sonrakı proseslər laboratoriyaların işindən asılıdır”.

Bunu 7times.az-a müsahibəsində tibbi ekspert, professor Adil Qeybulla deyib. O qeyd edib ki, laboratoriyalarda avadanlıqları artırmaqla yoluxma sayını azaltmaq olar: “Bütün bu proseslər bir-biri ilə zəncirvari bağlıdır. Analizinin nəticəsi 3 günə çıxan koronavirus xəstəsi həmin müddət ərzində izolyasiya olunmur, digər insanlarla təmasda olaraq yoluxdurur. Həmçinin malicəyə də gec cəlb olunur ki, bu da ağırlaşmalara gətirib çıxarır”.

Professor yaxmanın gec analiz  olunmasının onun nəticəsinə mənfi təsir göstərdiyini də vurğulayıb: “Yaxma 5 dərəcə temperaturda saxlanmalı, həmçinin donmamalıdır. Yaxmanın tez analiz olunması onun nəticəsinin düzgünlüyünə də təsir göstərir. İki gündən artıq saxlanmış yaxmanın düzgün nəticə verəcəyinə şübhə edirəm”.

Ekspert qeyd edir ki, hazırda ailədaxili yoluxmalar daha çox vüsət alıb. Buna səbəb xəstələrin çoxunun ev şəraitində müalicə almasıdır: “Vətəndaşlar kənardan özlərini qoruya bilirlər ancaq ailə daxilində bu mümkün deyil”.

Yoluxma sayına təsir edən amillərdən biri də simptomsuz, xüsusilə də hərarəti olmayan xəstələrin analiz olunmamasıdır. Tutaq ki, 3 nəfərdən ibarət ailə üzvləri COVİD-19-a yoluxub, onlardan birinin hərarəti var və yalnız ondan test üçün yaxma götürülür. Pozitiv nəticəsi olduğundan həmin şəxsə TƏBİB-dən ismarıc gəlir və izolyasiyaya alınır. Ailənin digər iki üzvünə isə heç bir qadağa qoyulmur. Çünki pozitiv test nəticəsi yoxdur. Əslində isə koronavirus xəstəsidirlər. Belə insanlar SMS icazə ilə də olsa qısa müddətə bayıra çıxır və xeyli insanı yoluxdurur.

Belə xəstələr və test nəticəsi gecikənlərə gəlincə, bu barədə TƏBİB-dən cavab olaraq bildirildi ki, “Bu xəstələr özlərini izolyasiya etməlidirlər. Burada vətəndaş məsuliyyəti əsasdır”.

Təranə Mirzəyeva

7times.az