İsrail və HƏMAS arasında “Qəzza Sülh Planı”nın ilk mərhələsinin təsdiqlənməsinin ardından ABŞ Prezidenti Donald Tramp prosesi “dünya miqyasında əməkdaşlığın nəticəsi” kimi qiymətləndirib.
Tramp “Fox News”a açıqlamasında bildirib ki, bu razılaşma bir çox ölkənin birgə səyləri nəticəsində mümkün olub:“Düzünü desəm, bütün dünya bu razılaşma üçün bir araya gəldi. Ağıla gəlməyəcək qədər çox ölkə bu prosesdə iştirak etdi. Dünya bu saziş ətrafında birləşdi. Əgər bu birlik olmasaydı, belə bir razılaşma mümkün olmazdı”.
Tramp həmçinin qeyd edib ki, bu prosesin baş tutmasında bir sıra amillər – ABŞ-nin tətbiq etdiyi gömrük tarifləri, İranın nüvə obyektlərinə qarşı həyata keçirilən əməliyyatlar və diplomatik təzyiqlər mühüm rol oynayıb:“Bu, bir çox şərtin birləşməsi nəticəsində baş verdi. İranın nüvə potensialını sıradan çıxarmağımız kimi. Əlbəttə, bacarıq da önəmlidir, amma bir az şans da lazım idi”.
Prezident İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının sülh prosesini asanlaşdırdığını vurğulayıb:“Əgər buna imkan versəydik, bu razılaşma ya baş tutmazdı, ya da onun üzərində böyük bir kölgə olardı. Çünki dostyana olmayan bir ölkənin əlində nüvə silahı olardı”.
Tramp bildirib ki, İran da əldə edilən razılaşmadan məmnundur və gələcəkdə sülh prosesinə qoşulacağına inanır.
Prezident, İsrail Baş naziri Benyamin Netanyahu ilə son söhbətini də jurnalistlərlə bölüşüb:“Netanyahu mənə “İnanmıram, artıq hamı məni sevir” dedi. Mən də cavab verdim ki, əsas odur ki, insanlar İsraili yenidən sevir. Ona dedim ki, İsrail dünyayla vuruşa bilməz. O da bunu çox yaxşı anlayır”.
Tramp razılaşmanı “bütün Yaxın Şərq üçün sülh günü” adlandırıb:“Bu, əla gündür. Dünya üçün, hər kəs üçün möhtəşəm bir gündür”.
Prezident Qəzzanın yenidən qurulacağını və bölgənin daha təhlükəsiz hala gətiriləcəyini vurğulayıb:“İnsanların bir-biri ilə mehriban münasibətdə olacağını görəcəyik. Qəzza çox daha təhlükəsiz bir yer olacaq. Yenidən inşa ediləcək. Regiondakı digər ölkələr də bu prosesə yardım göstərəcək, çünki onların böyük sərvətləri var və bunu reallaşdırmaq istəyirlər”.
“AzPolitika.info”
Follow @7timesaz