Ötən il həbs edilən, külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin keçmiş müdiri Rüfət Hacıyevin direktor təyin edərək rüşvət alması iddia edilən faktlardan biri də Xaçmaz Rayon Qımıl-Qışlaq kənd məktəbi ilə bağlıdır.
“7Times.az” xəbər verir ki, Rüfət Hacıyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri olduğu müddətdə Nərmin Əhmədli Xaçmaz rayon Qımıl-Qışlaq kənd məktəbinə direktor təyin edilib. Bu təyinatın baş tutması qarşılığında isə Rüfət Hacıyevin Nərmin Əhmədlidən 10 min manat məbləğində vəsaiti rüşvət qismində, amma “şirinlik payı” adı ilə alması ilə bağlı iddialar mövcuddur. Bu iddiaların hətta Rüfət Hacıyevin istintaq materiallarında da yer alması və məhkəmə proseslərində Nərmin Əhmədlinin iştirak edərək həmin vəsaiti Rüfət Hacıyevə verdiyini etiraf etdiyi bildirilir.
“7Times.az” mövzu ilə bağlı sözügedən Xaçmaz Rayon Qımıl-Qışlaq kənd məktəbinin direktoru Nərmin Əhmədli ilə əlaqə saxlayıb, ondan adı hallanan məsələ ilə əlaqədar münasibət almağa çalışıb.
Nərmin Əhmədli “7Times.az”-a verdiyi şifahi açıqlamada bunları bildirib:
“Mən bildiklərimi və baş verənlər barədə məhkəmədə ifadə vermişəm. Bundan başqa heç nə deyə bilmərəm.”
Qeyd edək ki, Nərmin Əhmədlinin direktor təyinatı üçün bu vəsaiti Rüfət Hacıyevə vermək məqsədi ilə o zaman şəxsi minik avtomobilini satdığı da iddia edilir.
Follow @7timesaz


