Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı planlaşdırılır.
“7Times.az” diplomatik mənbələrə istinadla yerli medianın yaydığı xəbərlərə istinadla bildirir ki, tərəflər Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlər fonunda Avropa İttifaqının (Aİ) İrəvana göstərəcəyi dəstək mexanizmlərini müzakirə edəcəklər.
Brüssel Ermənistana maliyyə yardımı ayırmağa hazırlaşır, lakin bu dəstəyin dəqiq həcmi hələlik müəyyən edilməyib.
Mənbələrin bildirdiyinə görə, pul kompensasiyası ilə yanaşı, Aİ Ermənistan üçün ticarət sahəsində xüsusi güzəştli şərtlər tətbiq etmək niyyətindədir. Söhbət “Muxtar Ticarət Tədbirləri” (Autonomous Trade Measures – ATM) rejimindən gedir. Bu addım reallaşarsa, müəyyən növ Ermənistan məhsulları Avropa bazarına heç bir gömrük rüsumu və kvota olmadan daxil ola biləcək.
Hələlik bu imtiyazların konkret olaraq hansı Ermənistan mallarına şamil ediləcəyi açıqlanmır. Lakin qeyd olunur ki, rəsmi Brüssel bu alətdən adətən böhranlı vəziyyətlərdə tərəfdaş ölkələrin iqtisadiyyatını sabitləşdirmək və onların Avropa bazarına inteqrasiyasını sürətləndirmək üçün istifadə edir.
Aİ-nin bu addımına dair ən son nümunə kimi Ukrayna göstərilir. Rusiya ordusunun genişmiqyaslı hücumundan bir neçə ay sonra – 2022-ci ilin iyununda Ukrayna üçün analoji güzəştli rejim tətbiq edilib.
Moldova isə hələ 2008-ci ildən bu proqramdan yararlanır. 2014-cü ildə Rusiya Moldova şərablarının, meyvə və ət məhsullarının idxalına qadağa qoyduqdan sonra Avropa İttifaqı Kişinyov üçün ticarət imtiyazlarının dairəsini daha da genişləndirmişdi.
Ermənistan hökuməti bu rejim üzrə Brüsellə danışıqlara faktiki olaraq illər öncə başlayıb. Ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan hələ 2024-cü ildə verdiyi bəyanatda “müzakirələrin asan keçmədiyini” etiraf etmişdi. Lakin hazırda Avropa Komissiyasının bu istiqamətdə qəti addım atmağa hazır olduğu bildirilir.
Mühüm məqamlardan biri odur ki, Aİ-nin təklif etdiyi bu ticarət güzəştləri birtərəfli xarakter daşıyır. Yəni Ermənistan Avropa mallarına qarşı eyni addımları atmağa borclu deyil. Bu isə İrəvanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil etməyəcək.
Xəbərdə həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos arasında baş tutan telefon danışığına da diqqət çəkilib. Avropalı rəsmi “X” sosial şəbəkəsindəki hesabında Brüsellə İrəvan arasında həmrəyliyi ifadə edərək yazıb:
“Biz Rusiyanın artan iqtisadi təzyiqləri ilə üz-üzə qalan Ermənistanla həmrəyik və operativ reaksiya yollarını axtarırıq. Cənubi Qafqaz istiqamətində ticarət və enerji əlaqələrini canlandırmaq, həmçinin Ermənistanın birbaşa qonşuları ilə iqtisadi bağlarını gücləndirmək üçün işləri sürətləndirəcəyik. Ermənistan suveren və müstəqil ölkədir, onun xalqı öz inkişaf yolunu seçməkdə tamamilə azaddır”.
Əgər Avropa İttifaqı Ermənistan üçün “Muxtar Ticarət Tədbirləri” rejimini rəsmən təsdiqləyərsə, bu, erməni istehsalçılarına təxminən 450 milyonluq Avropa istehlak bazarına birbaşa çıxış imkanı yaradacaq. Bunun üçün yeganə əsas şərt ixrac olunan məhsulların Avropa standartlarına və keyfiyyət normalarına cavab verməsidir.
AzPolitika
Follow @7timesaz


