Hərbi

Ukrayna Rusiyanın Baltik Donanmasına aid gəmiləri vurdu – Yeni zərbələr

Ukrayna Rusiyanın Baltik Donanmasına aid gəmiləri vurdu – Yeni zərbələrbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Baltik Donanmasına məxsus “Boykiy” korvetini vurub.

O, sosial şəbəkədə yaydığı videoda gəminin Rusiyanın Kronştadt Hərbi-Dəniz Bazası ərazisində yerləşən quru dokda zərbə aldığını iddia edib.

Məlumata görə, hadisə iyunun 3-də səhər saatlarında Ukrayna dronlarının Sankt-Peterburq istiqamətində həyata keçirdiyi genişmiqyaslı hücum zamanı baş verib. Hücum nəticəsində neft terminalının da hədəfə alındığı bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Kronştadtda hərbi obyektin vurulduğunu açıqlasa da, hədəfin konkret olaraq hansı obyekt olduğunu göstərməmişdi.

Məlumata görə, “Boykiy” korveti son dövrlərdə Rusiyanın “kölgə donanması”na aid tanker karvanlarını müşayiət etməsi ilə tanınırdı və hücum zamanı təmir üçün Kronştadtda yerləşirdi.

Ukraynanın “Fire Point” şirkətinin rəhbəri Denis Ştilerman isə Baltik Donanmasına məxsus iki hərbi gəminin zərbə aldığını bildirib. Lakin ikinci gəminin adı açıqlanmayıb. Rusiya Müdafiə Nazirliyi hələlik bu məlumatlara münasibət bildirməyib. Gəmilərin hansı həcmdə zərər gördüyü də məlum deyil.

Bununla yanaşı, rusiyalı hərbi bloqer Boris Rojin “Boykiy” korvetinin zərbə aldığını təsdiqləyərək dronun gəminin üst quruluş hissəsinə dəydiyini yazıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Kronştadt ərazisində yanğın müşahidə olunur. Məlumatlara görə, hücum zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinə və sualtı qayıqlarına xidmət göstərən Kronştadt Dəniz Zavodu da hədəfə alınıb.

Qeyd edək ki, bu hadisə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu ərəfəsində baş verib. Forumda Rusiya Prezidenti Vladimir Putinin çıxışı gözlənilir. Şəhər rəhbərliyi daha əvvəl Sankt-Peterburqu “dəniz və pilotsuz texnologiyalar paytaxtı” kimi təqdim etməyi planlaşdırdığını açıqlamışdı.