Hesablama Palatasının səlahiyyətləri genişləndirilir, qurum Naxçıvan büdcəsinə daha geniş nəzarət imkanı əldə edəcək, sığorta məlumatlarına çıxış və yeni audit mexanizmləri formalaşdırılacaq.
7Times.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.
Belə ki, qanun layihəsinə əsasən, Hesablama Palatasının səlahiyyət dairəsi genişləndirilərək Naxçıvan Muxtar Respublikasının büdcəsi də qurumun nəzarət mexanizmlərinə daha geniş şəkildə daxil edilir. Dəyişikliklərə əsasən, Palata Naxçıvan büdcəsinin layihələrinə, icrasına, müvafiq qanun layihələrinə və illik hesabatlara dair rəy verəcək. Həmçinin, Naxçıvan büdcəsinin gəlir və xərclərinin proqnozlaşdırılması, icrası və ayrılan vəsaitlərin istifadəsi üzrə audit imkanları artırılır.
Layihədə Hesablama Palatasının məlumat əldə etmək səlahiyyətlərinin də genişləndirilməsi nəzərdə tutulur. Belə ki, qurum audit və maliyyə nəzarəti məqsədilə dövlət qurumlarından, bələdiyyələrdən, hüquqi və fiziki şəxslərdən daha geniş həcmdə məlumat tələb edə biləcək. Bununla yanaşı, Palatanın kommersiya, vergi və bank sirri ilə yanaşı, sığorta sirri təşkil edən məlumatlara çıxışı da mümkün olacaq.
Dəyişikliklərə görə, sığorta bazarının peşəkar iştirakçıları müəyyən edilmiş vəzifələrin icrası məqsədilə Hesablama Palatasına sığorta sirri hesab edilən məlumatları təqdim edə biləcəklər. Eyni zamanda, audit və rəy hazırlanması prosesində zəruri məlumatların təqdim edilməməsi və ya gecikdirilməsi hallarında məsuliyyət mexanizmləri də genişləndirilir.
Qanun layihəsində Hesablama Palatasının texnoloji imkanlarının artırılması da nəzərdə tutulur. Belə ki, dövlət auditi ilə bağlı ayrıca informasiya sisteminin yaradılması və Palatanın həmin sistemdən istifadə etməsi təklif olunur. Bundan başqa, qurumun üzvləri dövlət auditoru statusu alacaq.
Layihəyə əsasən, Hesablama Palatasının rəyləri, hesabatları və təklifləri yalnız Milli Məclisə deyil, Naxçıvan Muxtar Respublikası üzrə Ali Məclisə də təqdim ediləcək ki, bu da hesabatlılıq və maliyyə nəzarəti mexanizmlərinin genişləndirilməsi kimi qiymətləndirilir.
Follow @7timesaz


