Dünya

Rusiyadan tarixi revanş – “Bu ölkə bizimlə gizli əlaqələr qurmaq istəyir”

Rusiyadan tarixi revanş – “Bu ölkə bizimlə gizli əlaqələr qurmaq istəyir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Ukrayna məsələsində Moskva ilə bərabərhüquqlu danışıqlar imkanlarını rədd edir və Rusiyadan “tarixi revanş” almağa çalışır.

“7Times.az”ın TASS-a istinadən məlumatına görə, Lavrov bu fikirləri Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş səfirlər dəyirmi masasında səsləndirib.

Nazir bildirib ki, Avropa İttifaqı ölkələri tez-tez Ukrayna ilə bağlı danışıqlara dair öz yanaşmalarını israrla irəli sürür və onun fikrincə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ağ Evə qayıdışından sonra nümayiş etdirdiyi “sağlam düşüncə əlamətlərini” də kölgədə qoymağa çalışırlar.

“Qərbin tarixi revanş almaq cəhdləri göz qabağındadır. Bu məqsədlə Kiyevə hər şeyə icazə verilir. Avropa danışıqlarla bağlı öz qiymətləndirmələrini zorla qəbul etdirməyə çalışır və ABŞ administrasiyasının ortaya qoyduğu məhdud müsbət siqnalları da tapdalayır. Buna görə də avropalıların həqiqi planları ilə bağlı heç bir illüziyamız yoxdur”, – deyə Lavrov vurğulayıb.

O xatırladıb ki, Rusiya Avropanı daha əvvəl də Ukrayna ilə bağlı əldə olunan razılaşmaları pozmaqda ittiham edib:

“2014-cü və 2015-ci illərdə aparılan danışıqların nəticələrinin necə pozulduğunu hamı xatırlayır. Bu gün isə həm Böyük Britaniya, həm də Avropa İttifaqı ölkələri Kiyevi silah və maliyyə ilə dəstəkləməyə davam edir, onun açıq terror xarakterli addımlarına göz yumurlar”.

Lavrovun sözlərinə görə, Avropanın hazırkı siyasi elitaları Rusiya ilə qarşıdurmaya hazırlaşdıqlarını gizlətmirlər:

“Onlar açıq şəkildə bəyan edirlər ki, yaxın gələcəkdə Rusiya ilə müharibəyə hazırlaşırlar. Hətta bunun üçün tarixlər də səsləndirilir – 2030-cu ildən gec olmayaraq”.

Rusiyalı nazir Fransa ilə bağlı da diqqətçəkən iddia səsləndirib. Onun sözlərinə görə, Paris bir tərəfdən Avropa ölkələrinin Moskva ilə təmas qurmaq cəhdlərini tənqid edir, digər tərəfdən isə pərdəarxasında özü də Rusiya ilə gizli əlaqə yaratmaq imkanlarını araşdırır.

ABŞ-yə münasibətdə isə Lavrov bildirib ki, Vaşinqton artıq obyektiv vasitəçi rolundan uzaqlaşır və Rusiyaya qarşı sanksiya siyasətini davam etdirir:

“Co Bayden dövründən qalan bütün sanksiyalar qüvvədə saxlanılıb. Bundan əlavə, Tramp administrasiyası tərəfindən də Rusiyaya qarşı kifayət qədər böyük sanksiya paketi qəbul olunub”.

Lavrov sonda vurğulayıb ki, Avropa elitalarının siyasəti Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarla bağlı məqsədlərinə çatmasına mane olmayacaq:

“Avropa liderlərinin müxtəlif manevrləri Rusiyanın xüsusi hərbi əməliyyat qarşısında qoyduğu məqsədlərə nail olmasına mane ola bilməz. Ukraynanın neytral, bloklara qoşulmayan və nüvə silahından azad statusu təmin edilməlidir. Rusiya Kiyevlə danışmağa hazırdır və həmişə də buna hazır olub”.

“AzPolitika.info”