Rusiya neft məhsullarının mümkün idxalı ilə bağlı digər ölkələrlə təmaslar aparır. Moskva münasib qiymətlər barədə razılıq əldə olunacağı təqdirdə, xaricdən yanacaq almağa hazırdır.
“7Times.az” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Lakin Kreml rəsmisi danışıqların məhz hansı ölkələrlə aparıldığını açıqlamayıb: “Təmaslar davam edir. Əgər məqbul qiymətlərlə razılaşmalar əldə olunarsa, bu proses baş tutacaq. Bu, bazarın sabitləşməsi yolunda daha bir addım olacaq və yaranmış ajiotajlı tələbatı səngitməyə yönəlib”.
Qeyd edək ki, iyunun 24-də “Reuters” agentliyi Rusiyanın təxminən 50 min ton Aİ-92 markalı benzin tədarükü xahişi ilə Qazaxıstana müraciət etdiyini xəbər vermişdi. Lakin o zaman Astana belə bir danışıqların aparıldığını rəsmən təkzib etmiş, Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Moskvadan onlara rəsmi sorğu daxil olmadığını bildirmişdi.
“Reuters”in məlumatına görə, hazırda Rusiyada benzin istehsalı ötən illə müqayisədə təxminən dörddə bir (25 faizə qədər) azalıb.
İdxalla yanaşı, Rusiya hakimiyyəti benzin ixracının məhdudlaşdırılmasını və emal müəssisələri üçün subsidiyaların artırılmasını da nəzərdən keçirir. Böhranın qarşısını almaq üçün Moskva artıq daxili bazarda satılan benzin və dizelin keyfiyyətinə dair tələbləri yumşaldıb və yanacağın dəniz yolu ilə tədarükü imkanlarını da araşdırır.
Follow @7timesaz


