Ölkə

Bölünə bilməyən kənd təsərrüfatı torpaqları satılacaq

Bölünə bilməyən kənd təsərrüfatı torpaqları satılacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası (birləşdirilməsi) ilə bağlı yeni hüquqi mexanizm yaradılır.

7Times.az xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Torpaq Məcəlləsinə “Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası” adlı yeni maddə əlavə edilir. Konsolidasiya torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri prinsipi əsasında torpaq sahələrinin birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyənləşdirilməsi və bu proses nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsini nəzərdə tutur. Eyni zamanda, zərurət yarandıqda suvarma, meliorasiya, yol, enerji, işıqlandırma və digər mühəndis-kommunikasiya infrastrukturu da yenilənə biləcək.

Sənədə görə, konsolidasiya zamanı torpaq sahələrinin bazar dəyəri müstəqil qiymətləndirici tərəfindən müəyyən ediləcək. Konsolidasiya nəticəsində ayrılan torpaq sahəsinin dəyəri əvvəlkindən aşağı olarsa, mülkiyyətçiyə aradakı fərq kompensasiya ediləcək. Torpağın bazar dəyərinin artması isə sahibkar üçün əlavə ödəniş öhdəliyi yaratmayacaq.

Qərarın müvafiq icra hakimiyyəti orqanının yaratdığı komissiya tərəfindən qəbul edilməsi nəzərdə tutulur. Komissiyanın təsdiq etdiyi bölgü sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olacaq.

Layihədə Mülki Məcəlləyə də yeni müddəalar əlavə edilir. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satılarkən həmin sahə ilə birbaşa sərhədi olan torpaq mülkiyyətçilərinə onu eyni şərtlərlə almaqda üstünlük hüququ veriləcək. Bundan başqa, dövlət ehtiyacları istisna olmaqla, kənd təsərrüfatı torpaqlarının bölünməsinə yalnız bölünmədən sonra yaranan hər bir torpaq sahəsinin sahəsi 5 hektardan az olmadıqda icazə veriləcək.

Dəyişikliklərlə, həmçinin torpaqların konsolidasiyasının təşkili, yerquruluşu işlərinin aparılması, torpaq bazarında konsolidasiya məqsədilə həyata keçirilən əqdlər və bölgü sənədinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müddəalar da qanunvericiliyə əlavə olunur.

Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.