Ölkə

Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ

Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonunun N.Nərimanov küçəsində “A ƏND J Holdinq” MMC-yə məxsus qanunsuz qeyri-yaşayış obyekti aşkarlanıb. Hovuz və attraksion kompleksindən ibarət bu tikililər Azərbaycan Respublikasının tikinti qanunvericiliyinin tələbləri ciddi şəkildə pozulmaqla inşa edilib.

​Ən maraqlısı odur ki, şirkət rəhbərliyi müvafiq dövlət qurumlarına həmin tikintini ilk vaxtlar “qapalı su quyusu” adı altında təqdim etsə də, inşaat başa çatdıqdan sonra obyektin hovuz və əyləncə attraksionları kompleksi olduğu üzə çıxıb. Həmçinin sözügedən ərazidə daha bir qeyri-yaşayış obyektinin tikintisinin də qanunsuz olaraq davam etdirildiyi açıq-aşkar görünür.

​Faktla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Əmlak Məsələləri Dövlət Xidməti, eləcə də Quba Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

​Qeyd edək ki, “A ƏND J Holdinq” MMC millət vəkili Əlibala Məhərrəmzadənin mənəvi mülkiyyətində olsa da, rəsmi sənədlərdə qardaşının adınadır. Bu, həmin şirkətin Quba rayonu ərazisində artıq ənənə halını alan növbəti “memarlıq özbaşınalığı”dır. Görünür, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bu şirkətin qanunsuz tikintiləri ilə mübarizədə artıq sadəcə formal dayandırma qərarları verən bir orqan kimi yadda qalır. Şirkət üçün dövlət qurumlarının bu qərarları heç bir hüquqi təsir imkanına malik olmayan adi kağız parçasından başqa bir şey deyil. Rəsmi qərarların mürəkkəbi qurumadan, şirkətin qanunsuz ucaltdığı binalar boy göstərir.

​Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məsələ ilə bağlı FHN-in Əməliyyat-İstintaq İdarəsinə müraciət edib. Lakin digər qərarlar kimi, bu rəsmi müraciətin də heç bir nəticəsi olmayıb.

​FHN-in bu şirkətin Quba şəhəri, Lütfizadə küçəsində yerləşən “Şahdağ” otelində aşkarlanan qanunsuz tikinti-quraşdırma işləri ilə bağlı 28 aprel 2026-cı il tarixli 0354 saylı dayandırma qərarı da əhəmiyyətsiz bir kağız parçası kimi tarixə qovuşdu. Çünki şirkət hər zamankı ənənəsinə uyğun olaraq, dövlət qurumunun qərarını görməzdən gələrək həmin qanunsuz inşaatı başa çatdırdı.

​Necə deyərlər, özbaşınalıq üçün növbəti təntənə, dövlətin tikinti qanunvericiliyini təmsil edən başda FHN olmaqla digər müvafiq qurumlar üçün isə növbəti məğlubiyyət… Məgər bu hadisə ədalətin tərəzisinin gücün və kapitalın xeyrinə necə əyildiyini, qanunların isə bəziləri üçün sadəcə bəzək əşyası olduğunu acı bir həqiqətlə gözlər önüne sərmədimi?