“Kimsə dənizçi paltarı geyinib nüvə silahı ilə təhdid edəndə…”
Ukrayna Prezidenti Volodimir Zelenski Çini Rusiyanın nüvə ritorikasına daha sərt reaksiya verməyə çağırıb.
“7Times.az” xəbər verir ki, Zelenski bu açıqlamanı 24 avqust Ukraynanın Müstəqillik Günü münasibətilə etdiyi çıxışında verib.
Ukrayna başçısının sözlərinə görə, Rusiya nüvə silahından istifadə ehtimalından danışanda Pekinin laqeyd qalmamalıdır: “Çin artıq susmamalıdır. Kimsə dənizçi kostyumu və papaq geyinib sözləri pis tələffüz edərək nüvə zərbəsi haqqında danışanda Çin cavab verməli və onu soyutmalıdır”. Zelenski bununla açıq şəkildə Vladimir Putinin ötən həftə Uzaq Şərqdə keçirilən hərbi təlimlərdə dediklərini nəzərdə tutub. Təlimlər zamanı Vladimir Putin Hərbi Dəniz Qüvvələrinin formasını geyinmişdi.
Ukrayna Prezidenti hesab edir ki, Çin öz təsirindən istifadə etməli və beynəlxalq təhlükəsizlik məsələlərində aparıcı qlobal güc statusunu təsdiqləməlidir: “Çin dünya lideri kimi ambisiyalarını təsdiqləməlidir – təkcə iqtisadi və texnoloji cəhətdən deyil, həm də heç bir diktatorun planeti köhnə nüvə başlıqları ilə təhdid etməməsini açıq şəkildə bildirməlidir”.
Zelenski daha əvvəl də Pekinin Rusiyanın nüvə silahından istifadə təhdidlərinə cavabından danışıb. İyul ayında o, avropalı tərəfdaşlarının istinadla Çinin Moskvaya verdiyi güclü ultimatum barədə məlumat vermişdi. Ukrayna Prezidentinin sözlərinə görə, Pekin bu ultimatumunda Kremlə nüvə silahından istifadənin qəbuledilməz olduğunu açıq şəkildə bildirib.
Çin isə Rusiya və Ukraynanı danışıqlara qayıtmağa çağırıb. İyunun 30-da Çinin BMT-dəki daimi nümayəndəsi Sun Lei bildirib ki, Pekin tərəfləri münaqişəni mümkün qədər tez dayandırmağa, danışıqları bərpa etməyə və atəşkəsə nail olmağa çağırır.
“AzPolitika.info”
Follow @7timesaz


