Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Məhərrəm Məhərrəmovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
“7Times.az” pravda.az-a istinadla xəbər verir ki, məhkəmənin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, Məhərrəm Məhərrəmov 2025-ci ildə tanışı M.İsrafilzadə ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən kafedə görüşüb. Görüş zamanı təqsirləndirilən şəxs M.İsrafilzadənin nənəsinə məxsus, onun istifadəsində olan “iPhone 15” markalı mobil telefonu kənarda danışmaq bəhanəsi ilə istəyib. Marqarita pizza
Telefonun üzərində mobil nömrə də olub və cihazın ümumi dəyəri 2 010 manat təşkil edib. Təqsirləndirilən şəxs telefonu aldıqdan sonra kafedən uzaqlaşıb və geri qayıtmayaraq onu mənimsəyib.
Bununla da Məhərrəm Məhərrəmov zərərçəkmiş şəxsə 2 010 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq edib.
İttihamda daha bir dələduzluq epizodu da yer alıb.
Təqsirləndirilən şəxs 2025-ci ildə tanıdığı digər şəxslə Sumqayıt şəhərinin 12-ci mikrorayonunda yerləşən “Şaurma” restoranında görüşüb. Həmin görüş zamanı Məhərrəm Məhərrəmov zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) məxsus “iPhone 15 Pro” markalı mobil telefonu da kənarda danışmaq bəhanəsi ilə alıb.
Telefonun dəyərinin 1 500 manat, üzərində olan mobil nömrənin dəyərinin isə 10 manat olduğu bildirilib.
Məhərrəm Məhərrəmovun telefonu götürdükdən sonra uzaqlaşdığı və geri qayıtmayaraq mobil cihazı mənimsədiyi qeyd olunur. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 1 510 manat maddi ziyan vurulduğu bildirilir.
Cinayət işinin digər epizodları isə hədə-qorxu ilə tələb etmə ittihamı ilə bağlıdır.
İttiham aktına əsasən, təqsirləndirilən şəxs 2025-ci ilin iyul ayının sonlarında “TikTok” sosial şəbəkəsi vasitəsilə Familə Əsədova (adı, soyadı şərtidir) ilə tanış olub. Sonra qarşılıqlı razılıq əsasında onun Bakı şəhəri, Binəqədi rayonunu ərazisində yerləşən evinə gedib. Həmin vaxt onların şəxsi münasibətləri zamanı çəkilən video və fotoşəkilləri Məhərrəm Məhərrəmov mobil telefonu ilə gizli şəkildə qeydə alaraq saxlayıb. Daha sonra isə o, həmin görüntüləri qadının həyat yoldaşına göstərib və onun haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək pul tələb edib.
Məhərrəm Məhərrəmov Familədən 2 000 manat tələb edib.
İstintaqın gəldiyi nəticəyə görə, qadın təqsirləndirilən şəxsin tələbi ilə ona 1 080 manat pul verib.
Bundan başqa, Familənin 200 manat dəyərində bir cüt qızıl sırğasını və 20 manat dəyərində qol saatını da verdiyi bildirilir.
Beləliklə, Məhərrəm Məhərrəmov həmin epizod üzrə ümumilikdə 1 300 manat dəyərində pul və əmlakı hədə-qorxu ilə tələb edərək ələ keçirib.
Cinayət işinin materiallarına əsasən, Məhərrəm Məhərrəmov Familənin intim görüntülərini yayacağı hədəsi ilə daha sonra ondan 300 manat tələb edib.
2025-ci ildə qadın mobil tətbiq vasitəsilə təqsirləndirilən şəxsin istifadəsində olan bank hesabına 300 manat pul göndərib.
Bununla da həmin məbləğin də hədə-qorxu ilə tələb edilərək ələ keçirildiyi bildirilir.
Bundan başqa, təqsirləndirilən şəxs Familə ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ondan yenidən 2 000 manat tələb edib. Daha sonra görüş yeri kimi Bakı şəhərində metronun “Azadlıq” stansiyasının yaxınlığının müəyyən edildiyi qeyd olunur.
M.Məhərrəmov həmin ünvana gəldikdən sonra da cinayətkar əməllərini davam etdirərək qadından intim görüntüləri yayacağı hədəsi ilə 2 000 manat pul tələb edib.
Hadisədən sonra Məhərrəm Məhərrəmov Familə Əsədovanın şikayəti əsasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhərrəm Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Follow @7timesaz


