Ölkə

Borclunun qiymətli kağızlarına həbs qoyulacaq

Borclunun qiymətli kağızlarına həbs qoyulacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda borcun ödənilməsi üçün tələbin borcluya məxsus qiymətli kağızlara yönəldilməsi mexanizmi müəyyənləşdirilir.

7Times.az xəbər verir ki, bununla bağlı “İcra haqqında” Qanuna yeni – 46.1-ci maddənin əlavə olunması təklif edilir. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, icra məmuru borclunun özündə aşkar etdiyi sənədli qiymətli kağızı dərhal götürəcək və həmin gündən gec olmayaraq onun üzərinə həbs qoyulması barədə qərar qəbul edəcək.

Qərarın surəti mərkəzi depozitara, qiymətli kağızın emitentinə və onu verən şəxsə göndəriləcək.

Borclunun adına qeydiyyata alınmış sənədsiz qiymətli kağız və ya mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağız müəyyən edildikdə də onun üzərinə məlumatın alındığı gün həbs qoyulacaq.

Həbs borclunun qiymətli kağıza sərəncam vermək və həmin kağız üzrə ödənişləri qəbul etmək hüququnu borcun ödənilməsi üçün tələb olunan həcmdə məhdudlaşdıracaq.

Tələb olunan məbləğ həcmində bölünməsi mümkün olmayan qiymətli kağızın üzərinə isə bütövlükdə həbs qoyulacaq.

Borclunun qiymətli kağızları barədə məlumatların sorğulanması, onların üzərinə həbs qoyulması və tələbin həmin aktivlərə yönəldilməsi “Elektron icra” informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Layihə ilə “Qiymətli kağızlar bazarı haqqında” Qanuna da uyğunlaşdırıcı dəyişikliklərin edilməsi nəzərdə tutulur.