16 oktyabr 2026-cı il tarixində Xankəndi şəhərində keçirilən Azərbaycan–Özbəkistan ali təhsil müəssisələrinin İkinci Rektorlar Forumu çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Özbəkistan Respublikasının Daşkənd Dövlət Nəqliyyat Universiteti və Cizzax Politexnik İnstitutu arasında qarşılıqlı anlaşma memorandumları imzalanıb.
7Times.az xəbər verir ki, sənədləri BMU-nun rektoru Yaqub Piriyev, Daşkənd Dövlət Nəqliyyat Universitetinin rektoru Abdulaziz Gulomov və Cizzax Politexnik İnstitutunun rektoru Alisher Usmankulov imzalayıblar.
Memorandumlar ali təhsil müəssisələri arasında akademik əlaqələrin genişləndirilməsini, elmi-tədqiqat fəaliyyətinin inkişafını və innovasiya sahəsində birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur. Əməkdaşlığın əsas istiqamətlərinə professor-müəllim heyətinin, bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil alanların akademik mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin reallaşdırılması, elmi konfrans və simpoziumların təşkili, eləcə də təlim və ömürboyu təhsil proqramlarının həyata keçirilməsi daxildir.
Sənədlərdə, həmçinin elmi-metodik nəşrlərin mübadiləsi, ətraf mühitin idarə edilməsi sahəsində birgə tədbirlərin keçirilməsi, tədris prosesində innovativ metodların tətbiqi və idarəetmə sahəsində təcrübə mübadiləsi kimi əməkdaşlıq istiqamətləri öz əksini tapıb. İmzalanan memorandumların Azərbaycan və Özbəkistanın ali təhsil müəssisələri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.
Eyni zamanda tərəfdaşlığın tələbə və müəllimlər üçün yeni akademik imkanlar yaradacağına, birgə elmi tədqiqatların aparılmasına, müasir tədris və idarəetmə metodlarının tətbiqinə təkan verəcəyinə əminlik ifadə olunub. Memorandumlar beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, elmi potensialın inkişafı, mühəndislik, nəqliyyat və texnologiya sahələrində təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, forumda iki ölkədən ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsi iştirak edir.
Follow @7timesaz


