Kanada Polşa ərazisində raket və pilotsuz uçuş aparatlarının (PUA) qalıqlarının aşkarlanmasından sonra Rusiyanın Ottavadakı səfiri Oleq Stepanovu Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.
7Times.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki bəyanatında bildirilib.
Bəyanatda Kanadanın müttəfiqləri ilə həmrəy olduğu, NATO ərazisinin müdafiəsinə və Ukraynaya dəstəyə tam sadiq qaldığı vurğulanıb.
Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov isə Avropa İttifaqı və NATO ölkələrinin hava məkanının qəsdən pozulması ilə bağlı ittihamları rədd edib.
Diplomatın diplomatik nümayəndəliyin “Telegram” kanalında yayımlanan açıqlamasında qeyd olunub ki, Qərb hökumətləri baş verən hadisənin təfərrüatlarını Moskva ilə əlaqələndirməyə çalışmadan və inandırıcı sübutlar təqdim etmədən Rusiyanı ittiham etməyə tələsirlər. Onun sözlərinə görə, bu yanaşma irəli sürülən iddialara olan etimadı sarsıdır.
Xatırladaq ki, noyabrın 20-də Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkə ərazisinə iki Rusiya raketinin və PUA-ların düşdüyünü açıqlamışdı. Qalıqlar Lyublin və Podkarpatsk voyevodalıqlarında aşkarlanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, kritik infrastruktur obyektlərinə də ziyan dəyməyib.
Follow @7timesaz


