Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7times.az-a verilən məlumata görə, Tovuz rayonunda vətəndaşların etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb.
Tovuz RPŞ əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 45 yaşlı Mahal Qurbanov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, M. Qurbanov ötən ilin fevral ayında həmkəndilisini işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadaraq həmin şəxsdən 2400 manat pul alıb.
Bundan başqa saxlanılan şəxs 2020-ci ilin may ayında Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, onun valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaiti nağdlaşdırmaq üçün 10.000 manat pul tələb edildiyini bildirib və beləliklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Follow @7timesaz